YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etibarlı təminat zəruridir

İspaniyanın “infobae” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışı və qonaqların suallarına cavabı haqqında EFE xəbər agentliyinin yaydığı informasiyanı öz oxucuları ilə bölüşüb.

“Əliyev erməni ərazisinin işğalı planını təkzib edir” sərlövhəli materialda Azərbaycanın dövlət başçısının öz çıxışında xarici KİV-lərin yaydıqları və ölkəmizin adından təqdim edilən guya Ermənistan ərazilərinin işğalı “planı” olması barədə informasiyanı təkzib etməsi, azərbaycanlıların Ermənistanla müharibə aparmaq istəmədiklərini bildirməsi qeyd olunub. Yazıda dövlətimizin başçısının aşağıdakı fikirləri sitat gətirilib: “Mən dəfələrlə demişəm ki, bizim Ermənistan ərazisini ələ keçirmək kimi heç bir planımız yoxdur, çünki bəzən bizi bu məsələdə əsassız olaraq ittiham edirlər. Əgər biz bunu etmək istəsəydik, edərdik. Mən sizə əmin, açıq və bütün nöqteyi-nəzərindən söyləyə bilərəm ki, bu, böyük problem deyil”.

Məqalədə qeyd olunub ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin yubanmasının səbəblərindən biri İrəvanın Azərbaycanda erməni azlığı ilə bağlı məsələnin həmin sənədə daxil edilməsində təkididir, amma onlar Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını müzakirədən imtina edirlər.

Məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev Ermənistanda qisasçılıq cəhdlərinin olmayacağına dair etibarlı təminatı da zəruri hesab edir.

İspan nəşri Prezident İlham Əliyevin Avropa İttifaqı ilə münasibətlərə dair söylədiyi fikirləri də təqdim edib və Cozep Borrellə bağlı onun çıxışından aşağıdakı sitatı dərc edib: “Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni, cənab Borrel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borrel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır”.

Sonda qeyd olunub ki, Azərbaycan Prezidenti əlavə edib: “Çox təəccüblüdür ki, onun öz ölkəsi separatçılıqdan əziyyət çəkir. Belə bir şəxs separatçıları necə müdafiə edər? Bu, çox təəccüb doğurur”.