YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatı

“Dekabrın 6-da Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı əsasında  “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum keçirildi. Forumun əhəmiyyəti, dövlət başçısı İlham Əliyevin tədbirdəki çıxışı hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Artıq tarixi Zəfərimizdən sonra belə forumların və konfransların keçirilməsi ənənə halını alıb. Bu mühüm addım ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerini və rolunu, yürütdüyü siyasətin uğurlarını təqdim edir. Azərbaycan hər zaman sabitlik məkanı kimi dəyərləndirilir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu beynəlxalq konfranslara, forumlara verilən önəm tədbirlərə qatılan iştirakçıların ildən-ilə artan say tərkibindən də aydın görünür. Yeni-yeni hədəflərə doğru inamla addımlayan Azərbaycan, həmçinin innovasiyalar ölkəsi kimi diqqətdədir. Hazırda dünya ölkəmizin işğaldan azad edilmiş ərazilərimizdə apardığı genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda zəngin şəhərsalma təcrübəsinin şahidinə çevrilir.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili qeyd edib ki, ADA Universitetində ənənəvi keçirilən beynəlxalq tədbirlər Azərbaycanın ümumilikdə regionun gələcəyinə yönələn təşəbbüslərinə, birgə addımların atılmasını zərurətə çevirən hədəflərə işıq salır: “Ötən il ADA Universitetində dövlət başçısı İlham Əliyevin iştirakı ilə “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirildi. Bu ilin may ayında Şuşa ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransa ev sahibliyi etdi. Konfransın Şuşada keçirilməsi  erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli idi. Dekabrın 6-da keçirilən Forumun iştirakçıları isə bir gün öncə işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edərək burada görülən işlərlə yaxından tanış oldular.  Nəzərə alsaq ki, Foruma 30 ölkədən  60-dan çox nümayəndə qatılmışdı, qeyd edilən səfər bu sayda iştirakçıların vasitəsilə Azərbaycan həqiqətlərinin təbliğində öz sözünü deyəcək.”

Əliabbas Salahzadə vurğulayıb ki, hər bir beynəlxalq əhəmiyyətli tədbir ölkəmizin, həmçinin dövlət başçısı İlham Əliyevin şəxsi nüfuzunun təqdimatında əhəmiyyətli rol oynayır: “Forumda   cənab İlham Əliyevə ünvanlanan suallarda bu fikirlər də yer aldı ki, tarix Prezident İlham Əliyevi 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən dövlətimizin başçısının  dəst-xəttini müəyyənləşdirdi. Bu fikirlərin davamı olaraq “Bununla belə, görəsən, Siz həm də ölkənizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi xatırlanmaq istərdinizmi” sualına cavab olaraq Prezident İlham Əliyev bildirdi ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və  bu məqsədlərə nail olunduğum üçün fəxr edirəm.  Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq. Sülhlə bağlı onu deyə bilərəm ki, biz regiona sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir.  Minsk qrupunun həmsədrləri münaqişənin hərbi yolla həllinin olmadığını bildirirdilər. Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.”

Millət vəkili onu da qeyd edib ki, dövlət başçısı İlham Əliyev Forum iştirakçılarına tarixi Zəfərimizin reallıqlarından, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olan məqamlardan, dünyanın ikili standatlara əsaslanan siyasətinin yaratdığı problemlərdən geniş bəhs etdi: “Bildirildi ki, Fransa və Hindistan Ermənistanı silahlandırmaqla tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar. Sülh müqaviləsinin imzalanmasına gəldikdə isə belə bir çağırış da səsləndirildi ki, Ermənistanla Azərbaycan arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair zəmanətimiz olmalıdır. Onlar keçmiş “Dağlıq Qarabağ respublikası”nı unutmalı, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur.”

Əliabbas Salahzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin iştirakı ilə keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir bütün sahələrdə mövcud imkanlarımızın təqdimatında, günün aktual məsələləri ətrafında mövqenin nümayiş olunmasında, bir sözlə, Azərbaycanla bağlı həqiqətlərin öyrənilməsində zəngin mənbədir: “Türk dünyasının birliyinin prioritetliyi məsələsinə bir daha diqqət yönəldildi. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasına Azərbaycanın töhfələri təqdir olundu. Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən biri kimi dövlət başçımızın son zamanlar fəxri qonaq qismində dəvət olunduğu tədbirlərin  böyük çoxluq təşkil etdiyi bildirildi. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın yaratdığı yeni reallıqlar regionda böyük dəyişikliklərə, dünya siyasətində yeniliklərə yol açır.”