YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzakirələr aparılmalıdır

İtaliyanın “Kmetro0” informasiya agentliyi Qərbi Azərbaycan İcması tərəfindən Bakıda təşkil edilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransa geniş yer ayırıb.

Məqalədə 30-dan çox ölkədən 100-dən artıq nümayəndənin iştirak etdiyi konfrans haqqında, Ermənistandan zorla köçürülmüş azərbaycanlıların qayıdış hüququ, o cümlədən Qayıdış Konsepsiyasının mahiyyəti barədə məlumat verilir.

Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçelli beynəlxalq konfransın əhəmiyyətini şərh edərkən deyib: “Azərbaycan uzun illərdir ki, ən çox daxili qaçqının, yəni, digər dövlətin və ya xarici qüvvələrin işğalı nəticəsində öz ölkəsi daxilində qaçqın şəraitində yaşamağa məcbur edilən insanların ən çox yaşadığı ölkədir. Belə olan halda, söhbət etnik müxtəlifliyinə görə Ermənistan tərəfindən öz yurd-yuvalarından didərgin salınmış təxminən 200-250 min azərbaycanlıdan gedir. Hazırda bu insanların geri qayıdışı problemi yaranır ki, onların hüquqi və siyasi aspektdə geri qayıtmaları ilə bağlı yollar axtarılır”.

Yazıda vurğulanır ki, azərbaycanlıların vaxtilə mütləq çoxluq təşkil etdikləri Ermənistandan zorla qovulması böyük və misli görünməmiş ədalətsizlikdir. Ermənistandan qovulmuş azərbaycanlıların vəziyyəti bu ölkənin sistematik öhdəliyi ilə davam etdirdiyi etnik təmizləmə, zorakılıq və insan hüquqlarının ciddi şəkildə pozulması ilə xarakterizə olunur. Bu faciəli hadisələr bir çox dövrlərdə, xüsusilə 1948-1953 və 1987-1991-ci illərdə baş verib. Bu qanunsuz hərəkətlərin nəticələri bu günə qədər həll olunmamış qalır.

Bildirilir ki, Ermənistanın etnik təmizləmə siyasətinin qlobal xarakteri, eyni zamanda, Azərbaycanın mədəni irsinin geniş şəkildə məhv edilməsi ilə müşayiət olunub. Qaçqın və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaq hüququ isə beynəlxalq insan hüquqları çərçivələrində açıq şəkildə təsbit edilib. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi insanların öz ölkəsinə qayıtmaq hüququnu dəstəkləyir. Beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) məcburi köçkünlərin geri qayıtma hüququnun təmin edilməsinin vacibliyini vurğulayır və əsas davamlı həll yolu kimi könüllü repatriasiyanı dəstəkləyir. Yurd-yuvalarından qovulmuş insanların könüllü, təhlükəsiz və ləyaqətlə qayıtması köçkünlük probleminin həlli hesab olunur. Qayıdışın asanlaşdırılması isə insanlara öz həyatlarını bərpa etməyə, icmalarını yenidən qurmağa, ölkələrinin sabitliyinə və inkişafına töhfə verməyə imkan verir.

Qeyd olunur ki, köçürülmə müddətindən asılı olmayaraq, geri qayıtma hüququ qüvvədə qalır. Yerdəyişmə nə qədər uzun müddət davam edərsə, bu hüququ qorumaq bir o qədər vacib olur. Çünki bu, tarixi ədalətsizliklərin aradan qaldırılması öhdəliyini ifadə edir. Ona görə də beynəlxalq ictimaiyyət yurd-yuvalarından qovulmuş insanların könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıtmasına dəstək verməyə borcludur. Bu, diplomatik səylər, siyasi təşəbbüslər və geri qayıtmaq üçün lazımi şəraitin təmin edilməsini nəzərdə tutur.

Konfransın əsas məqsədinin qayıdış hüququ və Ermənistandan didərgin salınmış azərbaycanlıların öz yurd-yuvalarına təhlükəsiz geri qayıtması üçün fərdi və kollektiv hüquqlarla bağlı qlobal diskursunu təşviq etmək, qayıdışla bağlı çoxşaxəli - hüquqi, siyasi, iqtisadi və mədəni aspektlərin tədqiqinə dair müzakirələrin aparılması olduğu bildirilib.