YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionda sabitliyin və təhlükəsizliyin qarantı

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazanılan şanlı Qələbəmizin təqdimatı olan Zəfər paradından üç il keçir. Zəfər paradı 44 gün davam edən Vətən müharibəsindən qalib çıxmış, hər günü tariximizə zəfər səhifəsi kimi yazmış əsgərlərimizin, zabitlərimizin qalibiyyət yürüşü idi. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün bərpasının təqdimatı oldu. Zəfər paradına işğaldan azad edilmiş ərazilərimizdə dalğalandırılan üçrəngli bayrağımızın gətirilməsi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olundu.  Bu parad tarixi Zəfəri ilə dünyaya səs salan Azərbaycanın hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin bir daha dünyaya nümayişi oldu. Azərbaycan Ordusunun qəhrəmanlığına, müdafiə sənayesi sahəsində əldə etdiyimiz uğurlara, hərbi arsenalımızda mövcud olan silah-sursat və texnikaların nümayişinə, müharibənin gedişində düşmən ordusundan ələ keçirilən qənimətlərin göstərilməsinə həsr olunmuş Zəfər paradı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya sonsuz qürur və xoşbəxtlik bəxş etdi, Ordumuzun gücünə, qüdrətinə inamı artırdı. Azərbaycan Silahlı Qüvvələri üzərinə düşən missiyanı şərəflə yerinə yetirmək imkanında olduğunu sübut etdi.

Zəfər paradı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bir sıra mesajları çatdırdı.  Paradda 150-dək hərbi texnika, həmçinin müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş edilirdi.  44 gündə erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinin qarşısında diz çökməsi illərdir yaratdıqları mifləri dağıtdı. Sübut olundu ki, məğlubedilməz ordu erməni deyil, Azərbaycan Ordusudur. Rəşadətli ordumuzun göstərdiyi döyüş təcrübəsi beynəlxalq ekspertlər tərəfindən bu gün də maraqla öyrənilir.

Zəfər paradının digər özəlliyi mərasimin Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının rəmzi kimi tarixə yazılması, tribunada Prezident, Ali Baş Komandan İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə dayanması, qardaş ölkəni təmsil edən rəsmi şəxslərin iştirakı, hərbçilərinin Azadlıq meydanında nümunəvi keçidi oldu. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və xalqımızı qürurlandırdı. Qardaş Türkiyə müharibə başlandığı andan Azərbaycanın yanında oldu və sonadək siyasi, mənəvi dəstəyini əsirgəmədi. Cənab Rəcəb Tayyib Ərdoğan hərbi paraddakı çıxışında “Bu Zəfər Gününüzdə sizlərlə birlikdə olmaqdan böyük məmnunluq duyuruq” söyləyərək dostluğun, qardaşlığın təsdiqi olan bu fikirləri də diqqətə çatdırmışdır ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək.”

Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Türkiyə Prezidenti bu çağırışı da səsləndirmişdir ki, Ermənistan xalqının da özlərini keçmişin yalanları ilə ovunduraraq yoxsulluğa məhkum edən diasporun əsarətindən qurtulmasını diləyirik. Qərb imperialistlərinin təhriki ilə bir yerə çatmağın mümkün olmayacağını görməli, düşmənçilik əvəzinə mehriban qonşuluğa əsaslanan əlaqələr yenidən nəzərdən keçirilməlidir. Ermənistan xalqı Qarabağda yaşananlardan dərs götürərsə, bu, bölgədə yeni bir dövrün başlanğıcı olacaqdır.

Azərbaycanın tarixi Zəfərimizdən sonra yaşadığı bu qədər faciəyə baxmayaraq, dayanıqlı sabitlik üçün Ermənistana sülh təklifini təqdirəlayiq mövqe kimi dəyərləndirən Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, Prezident İlham Əliyevin bu xoşniyyətli cəhdlərini dəstəkləyir, həmsöhbətləri tərəfindən dəyərləndirilməsini arzu edir.

Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Daim beynəlxalq hüququn, ədalətin yanında olan hər iki dövlət bütün münaqişəli məsələlərin həllində bu prinsiplərin əsas götürülməsinin vacibliyini bildirirlər. Son üç ildə iki dost, qardaş ölkənin bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində göstərdikləri səylər göz qabağındadır.

Hər zaman olduğu kimi, bu gün də Azərbaycan qardaş Türkiyə ilə birgə addımlayır. Qarabağda həyata keçirilən abadlıq-quruculuq, yenidənqurma işlərində Türkiyə dövləti və şirkətləri bizim yanımızdadır. Türkiyə Prezidenti Zəfər paradındakı çıxışında belə bir əminliyi də diqqətə çatdırmışdır ki, Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcək.

Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə Zəfər paradının üçüncü  ildönümünü böyük qürur hissi ilə qeyd edirlər. Son üç il münasibətlərimizin inkişafında əhəmiyyətli rol oynayacaq neçə-neçə uğur səhifəsinin yazılması ilə tarixdədir. Təkcə Şuşa Bəyannaməsi dostluğumuzun, qardaşlığımızın gələcək inkişafının aydın mənzərəsini yaradır. Bu birlik əbədidir, sarsılmazdır və daim uğurların davamlılığına çağırışlar edir.

DİGƏR Xəbərlər Arxiv