YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yorulmaz səylər

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının keçirilən Zirvə görüşü bir sıra mühüm məqamlara işıq saldı. 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama üzv olan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstandır. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycanın bu regionda yerləşən ölkələrlə münasibətlərinin intensivləşməsini göstərən daha bir amil dövlətimizin başçısının regiona səfərləri ilə bağlıdır. Belə ki, son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər edib. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları isə Azərbaycana dəfələrlə səfərlər həyata keçiriblər. Qarşılıqlı səfərlərin fəal dinamikası davam edir.

Bu fikirlər ölkəmizdə işgüzar səfərdə olan Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinin dövlət başçısı İlham Əliyev ilə görüşlərində də xüsusi qeyd edilmişdir. Son iki ildə türk dünyasının birliyinə, həmrəyliyinə xidmət edən belə səfərlərin əhəmiyyətini artıran məqamlardan biri də imzalanan sənədlərdir. Eyni zamanda, ölkəmiz Türk Dövlətləri Təşkilatında oynadığı fəal rolu ilə türk dünyasının birləşməsi istiqamətində  yorulmaz səylər göstərir. Təsadüfi deyil ki, son üç ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın iki fövqəladə Zirvə görüşü keçirilib. Onlardan birincisi 2020-ci ilin aprelin videokonfrans vasitəsilə olub və koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr edilib. Digəri isə Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra – bu ilin martında “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda olub. Bu Zirvə görüşlərində həm koronavirusla mübarizə sahəsində, həm də zəlzələdən sonra Türkiyə ilə həmrəylik nümayiş etdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib. Son illər türk dövlətləri arasında əlaqələrin intensivləşməsi fonunda Təşkilata daxil olan ölkələrdə baş verən hadisələrə münasibətdə üzv dövlətlərin başçılarının bir araya gələrək məqsədə doğru birlikdə addım atmaları bu ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsi, qarşılıqlı fəaliyyətin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir. Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev bu gün bir sıra təşkilatların Zirvə görüşlərinə fəxri və ya xüsusi qonaq qismində dəvət olunur, etdiyi çıxışlarla ölkəmizin regionda  yaratdığı reallıqları və Azərbaycanın mövqeyini bütün dünyaya çatdırır.

Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bildirdi ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb. Dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil  siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur. Belə bir inam da ifadə edildi ki, keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.

Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi davamlı uğurlarının təminatında əhəmiyyətli rol oynayır. İqtisadi uğurlarımız Azərbaycanın siyasi mövqeyini də möhkəmləndirir.

Bu günlərdə ölkəmizdə səfərdə olan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin dövlət başçısı İlham Əliyev ilə görüşlərində, səfərin mahiyyətini özündə əks etdirən mətbuata bəyanatlarında da Azərbaycanın uğurları təqdir edildi.

Bu gün Azərbaycan regionda, həmçinin daha böyük coğrafiyada sabitləşdirici rol oynamaqla, bir çox ölkənin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, həm də qlobal miqyasda ədalətin carçısına, bəzi böyük dövlətlərin ədalətsiz davranışlarına və müstəmləkəçi siyasətlərinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüvvəyə çevrilib. Dövlət başçısı İlham Əliyev İraq Prezidenti ilə mətbuata bəyanatında postmünaqişə dövrünün reallıqlarından, Ermənistanın sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olmasından geniş bəhs edərək bu reallığa da diqqəti yönəltdi ki, yenə də bunun səbəbinin onlara pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsinin olduğunu düşünürəm. Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla  Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir. Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Cənab İlham Əliyev bu mesajı da çatdırdı ki, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar. Bunların müstəmləkə siyasəti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmişdir. Qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq bir o qədər də yaxşı olar. Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz.

DİGƏR Xəbərlər Arxiv