YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda YAP-ın təsis olunmasının 31-ci ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı partiyanın yaranmasının 31-ci ildönümü münasibəti ilə “Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçirilib.

Əvvəlcə Yasamal rayonu ərazisində Şəhidlər Xatirə Kompleksi ziyarət edilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının 31 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,  Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Veteranlar Şurasının üzvləri, “91-lər”dən olan Şahlar Əsgərov və Sudeyf İmamverdiyev vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malik olub: “Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Yeni Azərbaycan Partiyası da hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır. Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan inamlı inkişaf yolundadır”.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Sonda YAP İdarə Heyətinin üzvü, xalq artisti Samir Cəfərovun ifasında Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.