YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz birlikdə güclüyük!

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Azərbaycanın uğurlarında öz payı, rolu olan Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il keçdi. Bu illər ərzində irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları, müəyyəmləşdirdi və uğurla icra etdiyi hədəfləri ilə Azərbaycanın dayanıqlı inkişafına, insanların rifah halının daha da yaxşılaşdırılmasına, Azərbaycanın demokratik inkişafına davamlı töhfələr verən YAP ilk gündən xalqın partiyası kimi nüfuz qazanıb.

Partiyanın yarandığı dövrdəki  ictimai-siyasi həyatı “O vaxt cəsarət və milli düşüncə göstərmiş, baxmayaraq ki, repressiyalara məruz qalmış vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət ediblər. Bu, böyük cəsarət tələb edirdi. Çünki o vaxt qanun yox idi. Kim nə istəyirdi, onu edirdi. Hüquq-mühafizə orqanları insanları əsassız həbs edirdilər, döyürdülər, canlı efirdə döyürdülər, söyürdülər. Tamamilə anarxiya, xaos, özbaşınalıq hökm sürürdü. Kimi istəyirdilər öldürürdülər, şikəst edirdilər, həbs edirdilər. Bax, bu idi o vaxt mövcud olan mənzərə. Senzuranı tətbiq etmişdir, guya ki, demokratik Xalq Cəbhəsi. Senzura o vaxt onlar tərəfindən tətbiq edilmişdir. O vaxt onlara qarşı bir söz deyəni tutub əzirdilər, döyürdülər, öldürürdülər. Nə üçün bəs Yeni Azərbaycan Partiyasının təsis qurultayı Naxçıvanda keçirildi? Bakıda imkan vermədilər. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət artıq bütün həddini keçmişdi” fikirləri  ilə xarakterizə edən Prezident, YAP-ın Sədri  İlham Əliyevin  vurğuladığı kimi, daim inkişafda olan YAP əqidəsinə sadiq, xalqa xidmət naminə yorulmadan  çalışan mübarizlərin partiyasıdır. Cənab İlham Əliyevin bu fikirləri Ümummilli Lider Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” tezinin davamı kimi dəyərləndirilir.

Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət partiya üzvlərini səciyyələndirən əsas göstəricilərdir. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə  etnik mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən partiyadır. YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Dövlət başçısı, YAP Sədri İlham Əliyev VII qurultaydakı proqram xarakterli çıxışında bildirmişdir ki, həyat dəyişir, zəmanə dəyişir. Biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə, o cümlədən siyasi islahatlar sahəsində tətbiq etməliyik: “Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın.” Bu mühüm çağırış da xüsusi qeyd edilmişdir ki, hər dövrün öz tələbləri var.  1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları  kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament, baza, imkan yaratdı ki,  əsas məqsədimizə çataq: “Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.”

Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan hər zaman dövrün tələblərini yüksək səviyyədə cavablandırır. Dahi şəxsiyyət 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində elə möhkəm təməl formalaşdırıb ki, Azərbaycan daim zirvələrə doğru addımlayır. Bu, eyni zamanda, Azərbaycanın yeniliyə böyük önəm verməsindən irəli gəlir.

YAP da ölkədə baş verən islahatlar prosesinin bütün sahələrdə öz əksini tapması üçün səylər göstərir. Bu, özünü partiyanın qəbul etdiyi qərarlarda, irəli sürdüyü təşəbbüslərdə aydın şəkildə nümayiş etdirir. 2019-cu ilin sonlarında Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Azərbaycan palamentinin buraxılmasını və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünü qeyd etmək kifayətdir. Bu təşəbbüs yeni parlamentin formalaşmasına yol açdı. Bu yeniləşmə, təkmilləşmə fonunda ölkənin hərtərəfli inkişafına yol açan təkmil  qanunlar qəbul edilir. Partiyanın qurultaylarında qəbul olunan qərarların həm öz fəaliyyətində, həm də ölkəmizin həyatında müsbət dəyişikliklərə yol açdığını nəzərə alsaq VII qurultayın tarixi hadisə kimi dəyərləndirilməsi də özündə bir çox məqamları ehtiva etdi.

31 ilin uğurlarını, keçilən şərəfli yolu bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Amma əsas olan budur ki, Azərbaycan dövləti, hakim Yeni Azərbaycan Partiyası əldə edilən uğurlarla kifayətlənmir, daim irəli baxır. Partiyanın “Biz birlikdə güclüyük!” devizi altında təsdiqlənən yeni Proqramı da bunun bariz nümunəsidir. Yeni Azərbaycan Partiyası bu gün Zəfərimizin diktə etdiyi vəzifələri uğurla həyata keçirmək üçün dəmir yumruq kimi birləşməyə çağırışlar edir.

Göründüyü kimi, tarixin bütün sınaqlarından şərəflə çıxan Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə uğurlarımıza bələdçilik etməklə dövrün, zamanın tələblərinə uyğun olaraq daim yeniləşməyə maraq göstərir, yeni-yeni hədəflərin reallığa çevrilməsi istiqamətində bütün qüvvə və bacarığını birləşdirir. Sıralarını kəmiyyət və keyfuyyət baxımından zənginləşdirən YAP-nı qarşıdakı dövrdə daha möhtəşəm uğurlar gözləyir. Prezident, YAP Sədri İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, YAP bundan sonra da ölkəmizdə gedən bütün  proseslərin mərkəzində olacaq.