YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərimiz Yeni Azərbaycan Partiyasının qarşısında yeni imkanlar açır

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

“Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, adı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 ili tamam oldu. Ulu Öndərin “Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaqdır. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar. Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir” fikirlərində ifadə etdiyi inam, etimad partiyanın 31 illik uğurlu fəaliyyətində əhəmiyyətli rol oynadı.  Ümummilli Lider  xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının  müraciətinə cavabında da belə bir  inamı ifadə etmişdir ki,  müstəqil  Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində yaradılması  obyektiv zərurətdən irəli gələn  Yeni Azərbaycan siyasi partiyası ölkənin ictimai-siyasi həyatında  fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində  və inkişafında tarixi rol oynaya bilər.

Yeni Azərbaycan Partiyası məhz bu istək əsasında  yaradılaraq zəngin və şərəfli yol keçdi.  Dünənin, bu günün partiyası kimi  gələcəyə böyük inamla addımlayan YAP  sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Hazırda partiyanın sıralarında 800 minə yaxın üzv birləşib. Müxtəlif kateqoriyalardan olan insanların partiyada birləşməsi onun ümumxalq partiyası kimi nüfuz qazanmasını şərtləndirən amillər sırasındadır. Partiya yarandığı gündən qəbul etdiyi Nizamnaməyə və Proqrama uyğun olaraq müəyyənləşdirdiyi hədəflərin reallığa çevrilməsi istiqamətində bütün qüvvə və bacarığını səfərbər etdi. Azərbaycanın 1993-2003-cü illərdə keçdiyi yolun uğurları hər birimizə məlumdur. Ölkəmiz elə bir sahə olmadı ki, təcrübəsi ilə nümunə olmasın. YAP ölkəmizin həyatında fəal iştirakı ilə yanaşı, zəngin təcrübəsi ilə də diqqətdədir.

2003-cü ildən  partiyanın həyatında yeni dövr başladı. Belə ki, Ümummilli Liderin xalqa tarixi müraciəti, bu müraciət əsasında xalqın böyük əksəriyyətinin  həmin il keçirilən prezident seçkilərində cənab İlham Əliyevi, Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməsi son 20 ilin uğurlarının əsası oldu. Artıq üç ildir  tarixi hadisələri, ölkəmizin həyatında əhəmiyyətli rol oynayan əlamətdar günləri,   bayramları Zəfər ruhunda qeyd edirik. Bu tarixi Zəfəri xalqımıza  yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayında dövlət başçısı, YAP Sədri İlham Əliyev proqram xarakterli çıxışında belə bir inamı ifadə etmişdir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Bu qurultayda qəbul olunan yeni qərarlar, Nizamnamə, yeni tərkibin  formalaşması gələcək hədəflərin zamanında və yüksək səviyyədə reallığa çevrilməsini şərtləndirir. YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Dövlət başçısı, YAP Sədri İlham Əliyev ötən il Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında Azərbaycanın, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan geniş bəhs edərək bu mühüm məqamı böyük qürur hissi ilə qeyd etmişdir: “İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!” Zəfərimiz həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının qarşısında yeni imkanlar açır.