YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənc nəsil bilməlidir…

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycan xalqının mənafelərinə xidmət edən və ən çətin məqamlarda ölkə vətəndaşlarını düşündürən problemlərin həllində, mühüm islahatların aparılmasında avanqard rolunu xidmətləri ilə doğruldan Yeni Azərbaycan Partiyası 31 ildə sadiq qaldığı siyasəti ilə milyonların partiyası olduğunu sübut etdi. Ümummilli Lider  Heydər Əliyevə ümumxalq məhəbbətinin təzahürü kimi qısa müddətdə ətrafına yüz minlərlə üzv, tərəfdaş toplayan partiya zamanın tələbinə uyğun, zərurətdən yaranmış qüdrətli təşkilat olduğunu qüdrətli Azərbaycanın bugünkü simasında göstərdi.

Yeni Azərbaycan Partiyasının 31 ildə keçdiyi inkişaf yolundan bəhs etmək hər birimiz üçün böyük qürurdur. Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə tamamilə fərqli bir mənzərənin şahidi oluruq. Yaranmasından cəmi 7 ay sonra iqtidar partiyasına çevrilən YAP xalqa bələdçilik edərək ölkənin iqtisadi böhrandan çıxması üçün bütün qüvvələri səfərbər etdi, təkmil proqram və konsepsiyaya uyğun olaraq yeni idarəetmə metodunu tətbiq etdi və  müasir Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirdi.

Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən də məhz həmin dövrün reallıqları idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Ziyalılarımızın Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Ümummilli Lider  Heydər Əliyevə ünvanladıqları müraciətdə bildirilirdi ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi  qoyarsa, o, uzun illər  xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişafı istiqamətləri həm müəyyənlşdirilər, həm də uğurlu addımlar atılar.

Ümummilli Liderin dövlətinə, xalqına bağlılığından irəli gələn müraciətə  cavabında Yeni Azərbaycan Partiyasının gələcəyinə böyük inam ifadə edərək, əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bildirdi.

1992-ci il 21 noyabr tarixində təsis konfransını Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın partiyası kimi tanındı. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyaya xalqın inamı böyükdür. YAP Proqramında hədəflərini açıqlayaraq onların həyata keçirilnəsi istiqamətində davamlı addımlar atdı. Deviz “Yeni Azərbaycan uğrunda” idi.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başladı. Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətində oldu. Dövlət başçısı, YAP Sədri İlham Əliyev partiyanın VII qurultayında bu çağırışı etmişdir: “Əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalanmış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur.” 

Azərbaycanın bu gününü və gələcəyini düşünərək möhkəm təməl yaradan Ulu Öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin hər bir çıxışı, ən yüksək tribunalardan səsləndirdiyi fikirlər dünyaya nümunə göstərilən inkişaf modelimizin təqdimatıdır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının 2021-ci ildə tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayı həm ölkəmizin, həm də partiyanın qarşısında dayanan vəzifələrin açıqlanmasında əhəmiyyətli rol oynadı. Prezident, YAP Sədri İlham Əliyev bir daha bu əminliyi böyük qürur hissi il ifadə etdi ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə bütün proseslərin mərkəzində olacaq. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.