YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz zamanı qabaqlamalıyıq

“Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.  Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində bildirilmişdir: “Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada  öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə  əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox güclü  nüfuzlu və işlək partiya yaratmağa qadirsiniz. Vətənini, xalqını, dövlətini canından artıq sevən  Ümummilli Lider Heydər Əliyev “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında yeni yaradılacaq partiyanın gələcəyinə inamını ifadə edərək bildirmişdir ki, bu partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni,  müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili qeyd edib ki, Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi: “Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Həmçinin, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.”

Əliabbas Salahzadə vurğulayıb ki, Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət partiya üzvlərini səciyyələndirən əsas göstəricilərdir: “YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə  etnik mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır. YAP Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası səviyyəsinə qədər inkişaf etmiş partiyadır.  Dövlət başçısı İlham Əliyev Ümummilli Liderin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisinin davamı olaraq bildirir ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”

Millət vəkili YAP-ın yeni inkişaf mərhələsi kimi dəyərləndirilən VII qurultayından bəhs edib: “ Azərbaycan tarixi Zəfəri ilə dünyaya səs saldı. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz yeni reallıqlar yaratdı. Bu reallıqlar bütün sahələrdə yenilikləri bir zərurət kimi qarşıya qoydu. Bu baxımdan ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının da qarşısına yeni vəzifələr qoyuldu.  5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Hazırda YAP-ın  800 minə yaxın üzvü vardır.  YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir.”

Əliabbas Salahzadə partiyanın həyatında  bu mühüm məqamı da xüsusi qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq  dövlət başçısı, YAP Sədri  İlham Əliyevin müvafiq Sərəncamı ilə 5 mart  2021-ci il  tarixində Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın təcəssümüdür. Prezident, YAP Sədri İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində həm qalib Azərbaycanımız, həm də Yeni Azərbaycan Partiyası yeni hədəflərə doğru inamla addımlayır.

Millət vəkili onu da  qeyd edib ki, YAP öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırır: “Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Tarixi Zəfərimiz birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. Bu birlik hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Hər günü Azərbaycanın tarixinə uğur səhifəsi kimi yazan dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında bu çağırışı etməklə qarşıdakı dövrün hədəflərini, vəzifələrini açıqladı: “Hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.”

DİGƏR Xəbərlər Arxiv