YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdam ən müasir formada yenidən qurulur

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Azərbaycanın sosial-iqtisadi cəhətdən ən inkişaf etmiş rayonlarından biri olmuş Ağdam 42 gün davam edən döyüşlərdən sonra 1993-cü il 23 iyul tarixində ərazisinin 73 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 128 min insan məcburi köçkün düşərək respublikamızın müxtəlif şəhər və qəsəbələrində yerləşdirilmişdir. Ağdam l Qarabağ müharibəsində ən çox şəhid verən rayon olmuşdur. Ağdam uğrunda gedən döyüşlərdə 6000-dən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmışdır. Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti, ATƏT-in Minsk qrupunun 9 dövləti adından Ermənistanın bu işğalı pislənmiş, eləcə də 1993-cü il 29 iyul tarixində BMT TŞ da 853 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamədə Ermənistan silahlı qüvvələrinin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal qeyri şərtsiz çıxmaları qeyd olunmuşdur. Lakin Ermənistan bu qərar və qətnamələri icra etməkdən imtina etmişdir. Təəssüf ki, dünyada ikili standartların mövcudluğu səbəbindən beynəlxalq təşkilatlar Ermənistan dövlətinə qarşı heç bir təsir göstərməmişdir. İşğal dövründə Ermənistan digər işğal etdiyi ərazilərimizlə yanaşı Ağdam rayonunu da talan etmiş, yandırmış, azərbaycanlılara qarşı etnik təmizlənmə aparmışdılar.

Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə Ermənistan üzərində qələbə qazandı. Prezident İlham Əliyevin müdrik, qətiyyətli siyasəti sayəsində, imzalanmış üçtərəfli Bəyanata əsasən Ağdam rayonunun işğal olunmuş əraziləri Azərbaycana təhvil verildi. 2020-ci il noyabrın 26-da "Ağdamın azad olunmasına görə" medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu bu medalla təltif edilmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Qeyd olunan Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri kimi müəyyən olunub. Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizdə yenidənqurma və bərpa işlərinə başlanılmışdır. 2021- ci il 28 may tarixində Ağdamın Baş Planı təsdiq edilmiş və yenidənqurma işlərinə start verilmişdir. Ağdam rayonu işğaldan azad edildikdən sonra Prezident İlham Əliyev 5 dəfə buraya səfərlər etmişdir. Ölkə başçımız bir çox sosial obyektlərin, məktəblərin, xəstəxanaların, eləcə də avtomobil və dəmir yollarının açılışlarında və təməl qoymalarında şəxsən özü iştirak edib. Bu gün Ağdam sürətli şəkildə dünya şəhərsalma prinsiplərinə uyğun ən müasir formada yenidən qurulur.