YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığımız genişləndirilir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının maraqlarını müdafiə etmək üçün hər zaman qətiyyətlə və əzmlə mübarizə apardığı kimi təmsil olunduğumuz beynəlxalq təşkilatlarda da həmişə öz fəal siyasət yürütməsi ilə seçilir. Təsadüfi deyil ki, elə noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında Təşkilata uğurlu sədrliyi münasibətilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edərək “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində ölkəmizin sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərin və təşəbbüslərin dövlətlərarası tərəfdaşlığın genişlənməsinə böyük töhfə verdiyini vurğulamış və Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlərin həyata keçirildiyini, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platformasının yaradıldığını qeyd etmiş və turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırıldığını və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edildiyini bildirmişdir.

Qeyd etməliyəm ki, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Bunun əyani sübutu kimi ölkə başçımızın ötən il Özbəkistana bir dövlət və iki işgüzar səfər etməsini göstərə bilərik. Həmçinin, Şavkat Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi ölkələrimiz arasında qardaşlıq münasibətlərinin dərinliyini nümayiş etdirir.

Son illərdə özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyan Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir və hər iki dəhlizin Azərbaycandan keçən hissələrinin tam hazır olması ölkəmizdə olan münbit sərmayə iqliminin olmasının göstəricisidir.

ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənən Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirməsi quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi istehsal etməsini planlaşdırması respublikamızın yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcəyindən xəbər verir. Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş və bu ilin oktyabr ayında açılışı olan 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyası olması da ölkəmizdə bu sahəyə yönəldilən diqqətin göstəricisidir.

ECO-nun fəaliyyətinə töhfələrini davam etdirən Azərbaycan təşkilatın müvafiq olaraq 2006-cı və 2012-ci illərdə keçirilən 9-cu və 12-ci Zirvə toplantılarına ev sahibliyi etmiş və bu il oktyabrın 10-da Təşkilatın Nazirlər Şurasının 27-ci iclası Şuşada keçirilmişdir. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilmişdir. Bir sözlə, Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır.

DİGƏR Xəbərlər Arxiv