YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heç kim bizi haqq yolumuzdan döndərə bilməzdi

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən  üç il sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması, bütün azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanması dövlət başçısı İlham Əliyevin uğurlu, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin, sözlə əməl birliyinin nəticəsidir. Noyabrın 8-də Xankəndi şəhərində keçirilən  hərbi paraddakı çıxışında da Prezident İlham Əliyev xüsusi qeyd etdi ki, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək: “Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.”

2020-ci ilin sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə cavab verdi, 30 illik işğala son qoymaq üçün 44 gün davam edəcək Zəfər yürüşünə başladı.  Beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu işğalçı hərbi birləşmələrə sarsıdıcı zərbələr endirdi, yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad etdi, bununla da adını tarixə əbədi həkk etdirdi. 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad edən Silahlı Qüvvələrimiz daha bir tarixi missiyasını müvəffəqiyyətlə yerinə yetirdi. Noyabrın 8-də əzəli və əbədi Azərbaycan torpağı – dünyanın mədəniyyət incilərindən olan qədim Şuşa şəhəri Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin xüsusi məharəti, böyük şücaəti və nümunəvi rəşadəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində hərbi-siyasi əsarətdən xilas edildi.  Döyüş meydanında tarix yazan Azərbaycan Ordusunun Şuşanın qurtuluşundan bir gün sonra daha 70-dən artıq yaşayış məntəqəsini işğaldan azad etməsinin ardından Ermənistanın təslimçilik mövqeyindən çıxış etməsi və onun  kapitulyasiyasının təsdiqi olan  üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın Qələbəsinin təqdimatı oldu. Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atılmadan belə azad edilməsi  Azərbaycanın hərb meydanında qazandığı möhtəşəm qələbənin diplomatiya müstəvisində davamı kimi  Zəfər tariximizin ən mühüm və parlaq səhifələrindən birinə çevrildi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməklə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Böyük Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin deyil, eyni zamanda, milli qürurun bərpasının təzahürü idi.

Dövlət başçısı İlham Əliyev hərbi paraddakı çıxışında bu məqamı da diqqətə çatdırdı ki, qırx dörd gün ərzində Azərbaycana müxtəlif yerlərdən, paytaxtlardan təzyiqlər göstərilirdi, təhdidlər səsləndirilirdi. Ancaq haqq yolumuzdan heç kim göndərə bilməzdi. Vətən müharibəsi dövründə Azərbaycan xalqına müraciət edərək demişdim ki, düşmən bizə torpaqlarımızın azad olunmasının tarixini versin, o zaman  müharibəni dayandırmağa hazırıq və belə də oldu: “Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi.O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burada - Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaq.”

Son üç ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi istiqamətində mühüm addımlar atıldı.  Bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüz,  sentyabrın 19-da  Silahlı Qüvvələrimizin  apardığı bir günlük lokal antiterror tədbirləri nəticəsində  suverenliyimiz  tam bərpa edildi. Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti davamlı uğurları şərtləndirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir.

Bugünümüzün əsas çağırışı Azərbaycan tərəfinin təklif etdiyi sülh müqaviləsinin imzalanmasıdır. Ermənistan üçün son şans olan bu təklifin reallığa çevrilməsi, həmçinin bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm amildir.