YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli qürurumuzun təqdimatı

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

“Qırx dörd günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim. Halbuki suallar demək olar ki, təkrarlanırdı. Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər - sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsindəki Zəfərimizin üçüncü ildönümünə həsr olunan hərbi paraddakı çıxışında bu məqama da diqqəti yönəltdi ki, dörd il bundan əvvəl Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdir: Qarabağ Ermənistandır və nöqtə”. Ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi. Biz göstərdik ki, Qarabağ Azərbaycandır. Bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin.

Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz ölkədə ordu quruculuğu istiqamətində aparılan islahatların, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qətiyyətinin məntiqi nəticəsi idi. İndi Azərbaycan Bayrağı təkcə Şuşada deyil, işğaldan azad olunmuş bütün ərazilərdə, Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalanır. Bu Zəfərin müəllifi Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimizdir. Azərbaycan xalqı Vətənin mübariz və qəhrəman övladları ilə fəxr edir. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.  Dövlət başçısı İlham Əliyev hərbi paraddakı çıxışında “Əlbəttə ki, ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir” söyləyərək bildirmişdir ki, şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq və biz bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərmişdik. Hazırlıq işləri apararkən bu günü gözləyirdik: “Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək.”

Qalib Azərbaycanın Zəfər dolu günlərinin biri-birini əvəzləməsi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Bütün azad edilmiş ərazilərimizdə dalğalanan üçrəngli bayrağımız kimliyimizin, milli qürurumuzun təqdimatıdır. Atılan hər bir addım, yazılan hər bir Zəfər səhifəsi belə bir reallığın təsdiqidir ki, bu torpaqların əsil sahibi kimi burada daimi olacaq və qurub yaradacağıq. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi paradından bu çağırışı etdi: “Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın.”