YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz istədiyimizə nail olduq

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

8 noyabr çoxəsrlik tariximizin ən möhtəşəm səhifələrindən biridir. Bu tarix dünyaya səs salan Zəfərimizin əbədiləşdirildiyi tarixdir. Bu il Vətən müharibəsində Zəfərimizin üçüncü ildönümünü daha möhtəşəm Zəfər ruhunda qeyd etdik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və oğulları Heydər Əliyevin iştirakı ilə Xankəndi şəhərində hərbi parad keçirildi. Silahlı Qüvvələrin parad heyətlərinin Azərbaycan Respublikasının Dövlət Bayrağı və Şuşa şəhərinə sancılan – Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağı altında tribunaya doğru irəliləmələri, ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqlarının Xankəndi şəhərinin mərkəzi meydanına gətirilməsi hər birimizdə böyük qürur hissi yaratdı.

Hərbi paraddakı çıxışında “İyirmi il bundan əvvəl Prezident kimi öz fəaliyyətimə başlayanda əziz xalqıma bildirmişdim ki, biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazır olmalıyıq. O vaxt hələ sülh danışıqlarına müəyyən ümidlər var idi” söyləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu reallığı da xüsusi qeyd etdi ki, ancaq illər keçdikcə bu ümidlər tükənirdi. Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar. Hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi. Prezident İlham Əliyev dəfələrlə  müxtəlif kürsülərdən bəyan etmişdir ki,  bu vəziyyətlə barışmayacağıq. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik, danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik.

Cənab İlham Əliyev hər zaman bu məqamı da diqqətə çatdırır ki, əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr  sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı: “Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə dursun, bu, bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi.”

Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni reallıqlar  yaradan Azərbaycan Ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 20 ildə bu günə doğru gedirdik. Beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeləri möhkəmləndirildi. Siyasi müstəvidə aparılan uğurlu fəaliyyət nəticəsində bütün dünya  haqlı tərəfin biz olduğumuzu qəbul etməyə başladı.  İqtisadi sahədə aparılan  islahatlar uğurlu nəticələrə yol açdı. İqtisadi müstəqilliyin təmin edilməsi siyasi mövqeyimizin möhkəmləndirilməsində öz sözünü dedi. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində əhəmiyyətli rol oynadı.

Şuşa əməliyyatı 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər. “Şuşasız bizim işimiz yarımçıq olar” söyləyən Ali Baş Komandan İlham Əliyev ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla Ulu Öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi. Döyüş əməliyyatlarında ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması, yüksəkdəqiqlikli silahlardan istifadə, mövcud nizam-intizam qələbənin başlıca amilləri olmaqla 27 il icrasını gözləyən qətnamələrin qətnamələrin yerinə yetirilməsini reallaşdırdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Hücum!” əmrinə hər zaman hazır olduqlarını bildirən Azərbaycan əsgəri torpaqlarımızın işğaldan azad etmək qüdrətində olduğunu bir daha təsdiqlədi. Şuşa zəfərimizdən sonra Ermənistan siyasi rəhbərliyi məğlubiyyəti dərk edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu və nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan belə düşməndən azad olundu. Təbii ki, Ordumuzun gücü, qüdrəti bu rayonları da azad etmək imkanında idi. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi. Dövlət başçısı Xankəndi şəhərində keçirilən paradda çıxışında diqqəti bu mühüm məqama yönəldərək bildirdi ki, o vaxt Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması şüurlu seçimimiz idi və bu gün burada - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi.

Cənab İlham Əliyevin hər bir çıxışı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir. “Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik” deyən Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, düşmən  qabağımızda diz çökdü və bu gün  burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm: “Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın.”