YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər tarixi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində Zəfərimizin üçüncü ildönümünə həsr olunan hərbi paraddakı çıxışında bir daha bu reallığı diqqətə çatdırdı: “Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi. O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burada - Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaqdır.”

Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq Kəlbəcər, Ağdam və Laçın bir güllə belə atılmadan geri qaytarıldı. Təbii ki, Azərbaycan Ordusu o zaman bütün ərazilərimizi azad etmək üçün kifayət qədər böyük gücə, potensiala malik idi.  Hər gün irəli gedən, döyüş ruhu, torpaq, Vətən sevgisi ilə dünyanı heyran edən Azərbaycan əsgəri və zabiti üzərinə düşən missiyanı sonadək şərəflə yerinə yetirmək iqtidarında idi. Lakin müharibənin davam etdirilməsi böyük insan itkisi, şəhidlərimizin sayının daha da artması ilə nəticələnərdi. Bu məqamı dövlət başçısı İlham Əliyev çıxışında xüsusi qeyd etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi.

Azərbaycan əsgəri torpaqlarımızın işğaldan azad etmək qüdrətində olduğunu bir daha təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, müasir, mütəşəkkil ordu yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Qeyd edək ki, hələ Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılmışdır. Ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin Ulu Öndər Heydər Əliyevin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin məzunlarıdırlar.

Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. Tarixi Zəfərimiz Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına töhfələr verən ölkə olduğunu təsdiqlədi. Dövlət başçısı İlham Əliyevin daim bəyan etdiyi kimi, biz tarix yazdıq. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazdıq. Bu, Zəfər tarixidir.

Bu tarixin müəllifi Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu. Cənab İlham Əliyev hərbi paraddakı çıxışında bu reallığı da vurğuladı ki, 44 gün ərzində göstərdiyimiz qəhrəmanlıq, peşəkarlıq, əfsuslar olsun ki, Ermənistan rəhbərliyinə dərs olmadı. Sentyabr ayında keçirilmiş lokal antiterror tədbirləri cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi. Halbuki bu, qanunsuz rejim idi. Beləliklə, tarixi ədaləti bərpa etdik. “20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik” söyləyən Müzəffər Ali Baş Komandan bildirdi ki, bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına  bu Qələbəni əldə etmişdik.

Göründüyü kimi, bu illər ərzində əsas hədəf Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması idi. Qürurla qeyd edirik ki, artıq bu hədəflərə nail olmuşuq. Ölkəmizin həyatında yeni dövr başlayıb. İşğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulması uğurla davam etdirilir. Qısa müddətdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib. Azərbaycan, eyni zamanda, sülh gündəliyinin müəllfidir. Regionda dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanması günümüzün əsas çağırışlarındandır.