YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsas prioritetlər

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Türk dövlətlərilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Ölkə başçımız eyni soykökə, ortaq mədəniyyətə, dilə malik türk dövlətlərinin birləşməsinə hər zaman böyük önəm verir. Əsası 2009-cı ildə Naxçıvanda qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2021-ci ildə İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına çevrildi. Artıq Türk Dövlətləri Təşkilatı dünyada nüfuzlu bir təşkilata çevrilmişdir. Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü keçirildi. Görüşün keçirilməsi təşkilata üzv və müşahidəçi dövlətləri arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində önəmli bir addımdır.

Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında iqtisadi, ticarət, humanitar, səhiyyə və bir çox sahələr üzrə əməkdaşlıq hər il artmaqdadır. Zirvə görüşündə iştirak edən Prezident İlham Əliyev Azərbaycanla Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərlə çoxtərəfli və ikitərəfli formatda iqtisadi əlaqələrin hər il artması, vətən müharibəsindən əvvəl və sonrakı dövrlərdə Ermənistanın qeyri-konstruktiv və təxribat xarakterli siyasət həyata keçirməsi, türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi barədə çıxış etdi. Azərbaycan Türk Dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Həmçinin Azərbaycan - Özbəkistan İnvestisiya Fondu və Azərbaycan - Qırğıstan İnkişaf Fondu yaradılmışdır. Ölkəmizin türk dövlətlərilə ticarət dövriyyəsi bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% artmışdır. Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə Türkiyə və Avropa bazarları arasında əlaqələrin yaranması üçün tranzit ölkə olaraq öz ərazisində böyük, şaxələndirilmiş nəqliyyat - loqistika infrastrukturu yaratmışdır. Son dövrlər dünyada gedən geosiyasi proseslər, müharibə, münaqişələr hər bir ölkə üçün böyük təhdidlər yaratmışdır. Bu təhdidlərin qarşısını almaq üçün Türkdilli dövlətlərin həm siyasi, həm də iqtisadi sahədə birlik nümayiş etdirmələri çox vacibdir. Çağdaş dünyamızda bir sıra imperialist ölkələr digər dövlətlərə qarşı güc siyasəti nümayiş etdirməyə çalışır. Prezident İlham Əliyev Türkdilli dövlətlərin təhlükəsizlik, hərbi və hərbi-sənaye sahələrində əməkdaşlıq etmələrini və bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin vacib olduğunu vurğuladı. Ölkə başçımızın bu və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin zəruri olması barədə fikirləri üzv və müşahidəçi dövlətlər tərəfindən müsbət qarşılandı. Yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatı dünya siyasətinə böyük təsir göstərə biləcək bir quruma çevriləcək.