YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dünyasının coğrafi sərhədləri genişdir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında X yubiley Zirvə Görüşü günümüzün reallıqlarının təqdimatı, türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün aparılan müzakirələrin yekunu olaraq imzalanan Bəyannamədə əksini tapan müddəaların perspektivləri baxımından tarixə yazıldı.  Prezident İlham Əliyev türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə belə ifadə etmişdir: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.” Həmin Zirvə görüşündə 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən türk dünyasının malik olduğu iqtisadi potensialı, enerji resursları, yol-nəqliyyat infrastrukturu ilə bağlı fikirlərini ifadə edən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Otuz il Ermənistanın işğalı altında qalan torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliklər də diqqət göstərilən əsas məsələlər sırasında oldu. Həmin ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib. Dövlət başçısı  Zirvə görüşündə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün hazırlanan Böyük Qayıdış proqramının icrası ilə bağlı aparılan bərpa-quruculuq işlərindən də söz açdı. Qeyd olundu ki, üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard dolların ayrılacağı nəzərdə tutulur. Böyük Qayıdış Proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur. Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığını ifadə edən cənab İlham Əliyev bildirmişdir: “Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.”

Zirvə görüşündə postmünaqişə dövrünün reallıqlarından olan sülh müqaviləsinin imzlanması istiqamətində Azərbaycanın göstərdiyi səylərdən geniş bəhs edən ölkə Prezidenti vurğuladı ki, Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini təqdim etdi. 2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.

O da bildirildi ki, 2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir.

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycan reallıqlarının təbliğində əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev Türk Dövləri Təşkilatının X yubiley Zirvə Görüşündə bütün türk dünyasını maraqlandıran ən aktual məsələlərdən bəhs etdi və belə bir çağırışı səsləndirdi ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir: “Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.”