YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gücümüzü dünya gördü

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

2020 ci ilin sentyabrın 27-də  Azərbaycan xalqının 30 illik həsrətlə gözlədiyi gün gəldi. Bu 30 ildə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini,  həmçinin,  bu möhtəşəm xəbəri gözləyirdi. Heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan inamını sarsıtmadı, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycanın liderinin iradəsinə təsir göstərmədi. Xalqımız "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar", - deyən Liderinin, Ali Baş Komandanının ətrafında hər gün daha sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. "Qarabağ Azərbaycandır və nida" ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi. Bu birlik bizi Qarabağa qaytardı!

Şanlı Ordumuzun əks-hücum əməliyyatları - Azərbaycan xalqı və dövləti üçün Vətən müharibəsi olan haqq savaşında bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr və nəhayət qədim Şuşa şəhəri Ordumuzun döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində işğaldan azad edildi. Azərbaycan Ordusunun şücaəti, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Ötən illər ərzində məqsədyönlü şəkildə inkişaf etdirilən, maddi-texniki bazası gücləndirilən, dünyanın ən güclü orduları sırasında olan Şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində ağır itkilər verən Ermənistanın silahlı qüvvələrinin müqaviməti sındırıldı. İşğalçı ölkə artıq Azərbaycanın Şanlı Ordusu qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu dərk etdi və diz çökdü!

Bununla da 10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edilərək kapitulyasiya aktına imza atmış oldular.

Əslində, Azərbaycan xalqı iki gün əvvəl - noyabrın 8-dən qələbəni qeyd etməyə başlamışdı. Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirmişdir.