YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərimiz qürur mənbəyimizdir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Bununla yanaşı, bütün sahələrdə gücünü, qüdrətini artırmaq üçün biri-birindən əhəmiyyətli addımlar atdı. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti sayəsində işğal altında olan torpaqlarımız gec-tez tarixi sahibinə qovuşacaq. Azərbaycan hər gün bir addım bu hədəfə yaxınlaşdı. Prezident İlham Əliyev möhkəm təməl üzərində güclü Azərbaycan yaratdı və əksər dünya dövlətləri ölkəmizin inkişaf modelini təqdir edərək öyrənilməsinin vacibliyini bildirdilər. Müharibə şəraitində yaşan ölkə üçün güclü ordunun olması vacib idi. Dövlət başçısı İlham Əliyev ilk gündən torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsini uğurla yerinə yetirmək, xalqımızın torpaq həsrətinə son qoyub, bu ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanmasına nail olmaq üçün böyük qətiyyət nümayiş etdirdi.  "Güclü ordu - güclü dövlət" konsepsiyasının fundamental əsası olan iqtisadi tərəqqini xüsusi diqqətdə saxladı. Son 20 ildə Azərbaycanın iqtisadi uğurları torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, bu ərazilərin yenidən bərpasına, dirçəlməsinə də geniş imkanlar yaratdı.

Azərbaycanın iqtisadi imkanları bütün sahələrdə davamlı uğurları şərtləndirdi. Belə ki, Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər ölkəmizə öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Ölkəmizin iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi.

44 gündə tarix yazan Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq təşkilatların hesabatlarında da etiraf edilir. Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. 44 günlük İKinci Qarabağ müharibəsinə qədər  Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində dünyaya nümayiş etdirmişdi. Aprel döyüşlərində Ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürüldü.

Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. 2020-ci ildə Ermənistan silahlı qüvvələri dəfələrlə hərbi təxribatlar törətdi və Azərbaycan Ordusu qətiyyətlə qarşısını aldı. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutmaları 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına səbəb oldu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi.

“Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.

Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib ölkənin vətəndaşı olması ilə qürur duyur. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.