YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqının tarixinə əbədi yazılmış Zəfər

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Tarixi Zəfərimizin reallıqlarını yaşayırıq.  44 günlük İkinci Qarabağ müharibəsi  XXI əsrin müharibəsi kimi dəyərləndirildi. Buna əsas verən Azərbaycan Ordusunun 44 günün hər gününü tarixə Zəfər günü kimi yazması oldu.  Düşmənə sarsıdıcı zərbələr endirən Milli Ordumuzun əsgərləri sona qədər gedərək düşməni torpaqlarımızdan qovdu. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi.

Tarixi Zəfərimizdən ötən hər gün Azərbaycanın 44 gündə qazandığı siyasi, hərbi, diplomatik uğurların necə qürurverici olduğunu nümayiş etdirir və bu inama əsas yaradır ki, tezliklə işğaldan azad edilmiş ərazilərimizin  yenidən qurulması prosesi uğurla başa çatacaq və soydaşlarımızın Böyük Qayıdışı  tam şəkildə həyata keçiriləcək. Artıq üç ildir ki, azad olunan torpaqlarımız tarixi sahiblərinə qovuşaraq dağıntılardan quruculuq mərhələsinə keçdikləri üçün sevinclidirlər. 44 günlük Vətən müharibəsinin gedişi dövrüdə Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində qazandığı uğurlar dünyanı heyrətləndirdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında, hətta, dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaq.

Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə  30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri  hər üç dövrün - 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə mərhələsinin reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında zəngin mənbə  oldu. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur.  Ürəkdən səslənən, xalqın hisslərini əks etdirən Prezident İlham Əliyevin hər bir sözü, hər bir fikri xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Cənab İlham Əliyev Azərbaycanın Qələbə qazanacağına böyük inamla yanaşaraq gələcəkdə hansı işlərin görüləcəyinin anonsunu da verdi. Onun gələcəyə ümid dolu fikirləri  insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla dayanmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, xalqının yenilməz övladını görürdülər.

“Dəmir yumruq” milli birliyin və gücün rəmzinə çevrildi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. 30 illik işğal dövründə  ən yüksək tribunalardan səsləndirilən çağırışlarımız arasında “Biz bu torpaqlara qayıdacağıq” xüsusi yer tutdu ki, bu gün onun sevincini, qürurunu yaşayırıq.  Adını tariximizə torpaqlarımızın xilaskarı kimi yazan Ali Baş Komandan İlham Əliyevin hazırda  Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Son üç ildə Böyük Qayıdışa doğru  atılan addımların miqyası ölçüyəgəlməzdir. Bərpa-quruculuq işləri soydaşlarımızın qayıdışı ilə müşaiyət olunur. Artıq Zəngilanın Ağalı və Tərtərin Talış kəndləri, Laçın şəhəri, Füzuli rayonu mərhələli şəkildə sakinlərini qarşılayır. Bütün azad edilmiş ərazilərimizdə müasir tələblərə uyğun bərpa işləri həyata keçirilir, soydaşlarımızın yüksək şəraitdə yaşayışı üçün zəruri imkanlar yaradılır. Qarabağ və Şərqi Zəngəzur dirşəlir, tezliklə böyük investisiyalar məkanına çevriləcəklər.