YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaşıl gündəliyə doğru irəliləyirik

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə tarixi Zəfərimizin reallıqları əsasında təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Belə ki, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır ki, bunlardan biri də təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir.

Dövlət başçısı İlham Əliyev oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində bir daha diqqəti dövrün əsas çağırışı olan bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasına yönəldərək bildirdi ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub: “Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir.”

Milli Prioritetlərdə də bu çağırış əsas yer tutur ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır.

Cənab İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində həmin gün imzalanan üç investisiya sazişinə diqqəti yönəldərək bildirdi ki, planlarımız daha genişdir. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. Zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq,  yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.  Bütün planlarımız həyata keçəcək.

Bugünkü iqtisadi inkişafın təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası və hazırda onun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi dayanır. “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi və siyasi dividendlər qazandırdı, böyük investisiyalar məkanına çevirdi, sabitlik diyarı kimi mövqeyini möhkəmləndirdi. “Əsrin müqaviləsi”ndən sonra onlarla neft və qaz müqaviləsinin, Anlaşma Memorandumunun imzalanması ölkəmizə olan inamın göstəricisidir.

Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 ildə çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard dollardan çox olub və bunun təqribən 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir: “Lakin, eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Əlbəttə ki, növbəti illərdə biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik. Bu məqsədlə biz bu potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik.”

Azərbaycandakı investisiya mühitinə gəldikdə, ölkəmizin iqtisadiyyatı çox sabitdir. Son 20 ildə ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. İyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq.

Dövlət başçısı bu hədəfi açıqladı ki, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir. Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Bir neçə aydan sonra yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpa olunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.

Bütün bunlar onu göstərir ki, dövlətimizin düşünülmüş siyasəti nəticəsində təkcə enerji deyil, bütün sahələrdə planlarımız gerçəkləşib.