YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrin parlaq nümunəsi

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Oktyabrın 26-da Azərbaycanın enerji şaxələndirilməsi və davamlı iqtisadi inkişafına aparan yolda mühüm addım atıldı.  230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu. Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalandı. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirildi.

Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək.

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir açılış mərasimində “Bizə hər bir ölkənin Azərbaycan kimi təmiz enerji sahəsində müəyyən edilmiş məqsədlərlə energetikaya keçid üçün aydın planlar hazırlaması lazımdır. Rekord müddətdə bir sıra tutarlı layihələrin hazırlanmasını və həyata keçirilməsini təmin etmək üçün iqlim maliyyələşdirməsində yenilikçi yanaşmalara ehtiyacımız var. Azərbaycandakı layihələrdə, bu layihədəki tərəfdaşlıqda da yanaşmalar məhz bu istiqamətdədir” fikirləri ilə Azərbaycanı təşəbbüskar, ideyaları reallığa çevirən, hər bir layihəni uğurlu sonluqla başa çatdıran ölkə kimi təqdir edir.  Bu mühüm məqam da xüsusi vurğulandı ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün birgə səylər göstərilməlidir. Sultan Əhməd Əl-Cabir “Mən “Masdar”ın heç bir layihəsini görməmişəm ki, dörd nazir və Birləşmiş Ərəb Əmirliklərinin ən yüksək səviyyəli nümayəndə heyətinin üzvləri eyni vaxtda iştirak etsin. Bu, həqiqətən də böyük bir ehtiramın, hörmətin və Sizin ölkənizlə əməkdaşlığımızın nümunəsidir” söyləməklə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, qazandığı etimadı təsdiqlədi.

Bütün bu uğurlar, Azərbaycana olan inam və etimad düşünülmüş siyasətin nəticəsidir. Ümummilli Liderin zəngin idarəçilik təcrübəsi, Azərbaycanı daim zirvələrdə görmək istəyi bu günümüzə və gələcəyə xidmət edən inkişaf strategiyasının işlənib hazırlanmasında öz sözünü dedi. Dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır.

“Əsrin müqaviləsi” Azərbaycanın qarşısında geniş imkanlar açdı, dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi. Ölkəmizə inamın artması fonunda illər geçdikcə imzalanan sazişlərin, Anlaşma memorandumlarının sayı artdı. Dünyaya «açıq qapı» siyasəti həyata keçirən Azərbaycan ölkəmizə xoş niyyətlə ayaq basan bütün iş adamlarına qapılarını açdı, onların qoyacaqları investisiyaların təhlükəsizliyinin təmin olunacağını bəyan etdi. Bu baxımdan «Əsrin müqaviləsi»nin əhəmiyyətindən bəhs edərkən onun yalnız iqtisadi deyil, siyasi tərəfi də xüsusi önəm daşıyır. Müstəqillik yollarında ilk addımlarını atan ölkə üçün onun beynəlxalq aləmdə tanıtımı və mövqeyini möhkəmləndirməsi xüsusi əhəmiyyət kəsb edir. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi onun uzaqgörən siyasətinin nəticəsi idi. Ulu öndər bildirirdi ki heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.

Azərbaycan daim əməkdaşlığa xüsusi maraq göstərir. Qaradağ Günəş Elektrik Stansiyasının açılışı da bunun təsdiqidir. Sözügedən açılış mərasimində cənab İlham Əliyev “Bizim böyük planlarımız var” söyləyərək belə bir əminliyi də ifadə etdi ki,  Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Daha çox layihələr olacaq.

Həmin açılış mərasimi çərçivəsində çox qısa zamanda 1 qiqavat bərpa olunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasimi keçirildi. Bu tədbir Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi kimi dəyərləndirildi. Bu inam da ifadə edildi ki, bütün məqsədlərimizə nail olacağıq və gələcəkdə bu kimi daha çox mərasimlər keçiriləcək.