YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın gələcək inkişafına töhfə

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi bugünümüz və gələcəyimiz üçün möhkəm təməlin formalaşmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürərək iqtisadiyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi.

Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur. Azərbaycanın iqtisadi imkanlarının dünyaya təqdimatında və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rola malik olan “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması neft strategiyasının yeni mərhələsinin əsasını qoydu. Bu müqavilə müasir Azərbaycanın tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ümumi daxili məhsulun artımı, yeni iş yerlərinin yaradılması və sosial rifahın yaxşılaşdırılması kimi dəyərləndirildi.

Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, eyni zamanda, qaz, elektrik enerjisi ixracatçısına çevrilib. Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə Azərbaycan amilinə xüsusi önəm verilir. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu yüksək dəyərləndirilərək, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudduğu xüsusi qeyd edilir. 

Ölkəmizin bərpa olunan enerji sahəsində böyük potensiala malik olması da əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində öz sözünü deyir. Oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı bütün bu məqamlara işıq saldı. Bu stansiya Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Prezident İlham Əliyevin mərasimdəki çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın bərpa olunan enerji sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini təsdiqləyir. Belə ki, “Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir” söyləyən cənab İlham Əliyev bildirdi ki, qonaqlarımız arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirini, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini görməkdən qürur duyuruq. Bu, tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsidir. Eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirir: “Birincisi, ona görə ki, artıq göstərildiyi kimi, bu, regionda ən böyük günəş elektrik stansiyasıdır və ikincisi, ona görə ki, artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır. Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq.”

Azərbaycan daim yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır. Bu ondan irəli gəlir ki, ölkəmiz səylərin birləşdirilməsində, təcrübə mübadiləsinin aparılmasında maraqlıdır və bunu reallıqda təsdiqləyir. Cənab İlham Əliyev bundan sonra layihələrin çox olacağı ilə bağlı əminliyini ifadə etməklə yanaşı, onların reallığa çevriləcəyini də xüsusi vurğulayır. Azərbaycan hər zaman hər bir layihənin uğurlu sonluqla baş çatmasına səy göstərir.

Oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında imzalanan üç investisiya sazişi də əməkdaşlığın gələcəyi barədə aydın təsəvvür yaradır. “Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.