YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı faydalılığa əsaslanan münasibətlər

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyanın bütün güc mərkəzləri ilə, qonşu və uzaq dövlətlərlə yeni qarşılıqlı faydalılığa əsaslanan münasibətləri formalaşdırdı və inkişaf etdirdi. Eyni soykökə, tarixə, mənəvi yaxınlığa malik olduğumuz Türkiyə Cümhuriyyəti Heydər Əliyevin xarici siyasət strategiyasında ən əhəmiyyətli yerlərdən birini tutmuşdu. Uu öndər 1994- cü ildə Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfər etmişdi. Səfər çərçivəsində iki dövlət arasında "Dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə" də daxil olmaqla müxtəlif sahələri əhatə edən sənədlər imzalanmışdır. Hazırda Azərbaycan və qardaş Türkiyə Cümhuriyyəti arasında münasibətlər rəsmi müttəfiqlik səviyyəsinə qədər inkişaf etmişdir.

Ulu öndər Heydər Əliyev dünyanın ən böyük və güclü dövlətlərindən biri olan qonşu Rusiya Federasiyası ilə bərabərhüquqlu münasibətlərin qurulmasına böyük üstünlük verirdi. Prezidentliyi dövründə Heydər Əliyev dəfələrlə Rusiya Federasiyasına rəsmi səfərlər etmişdir. 1997-ci ildə Rusiyaya etdiyi ilk rəsmi səfəri zamanı iki ölkə arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilə imzalanmışdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2001-ci ildə Azərbaycana rəsmi səfəri ölkələr arasında münasibətlərin möhkəmlənməsinə səbəb olmuşdur.

Ulu öndər Heydər Əliyevin dövlətlərarası xarici siyasətində ən mühüm yerlərdən biri də dünyanın ən böyük siyasi, iqtisadi, hərbi gücü olan ABŞ ilə münasibətlər olmuşdur. Heydər Əliyev ABŞ ilə münasibətdə 3 başlıca istuqamət müəyyənləşdirmişdi. Siyasi-diplomatik, iqtisadi-enerji, təhlükəsizlik. Heydər Əliyevin 1997-ci ildə ABŞ a rəsmi səfəri zamanı imzalanan "Amerika - Azərbaycan münasibətləri haqqında" Birgə Bəyanatda Azərbaycan ABŞ ın strateji tərəfdaşı elan edildi.

Ulu öndər Heydər Əliyevin xarici və dövlətlərarası siyasətində digər vacib istiqamətlərdən biri də Avropa dövlətləri ilə münasibətlərin qurulması olmuşdur. Azərbaycanın Böyük Britaniya, Almaniya kimi dövlətlərlə əlaqələri yeni mərhələyə qədəm qoymuşdur. Heydər Əliyevin 1994-cü ildə Böyük Britaniyaya, 1996-cı ildə isə Almaniyaya etdiyi ilk rəsmi səfərlərində bu dövlətlərlə çox mühüm müqavilələr və sənədlər imzalanmışdır.

Ulu öndər Heydər Əliyevin xarici siyasətinin əsas istiqamətlərndən birini də Asiyada yerləşən dövlətlərlə yeni münasibətlərin qurulması təşkil etmişdir. Çin, Yaponiya kimi iqtisadi, siyasi cəhətdən nəhəng dövlətlərlə yanaşı, Pakistan, Səudiyyə Ərəbistanı, İran, Misir və İsrail kimi dövlətlərlə də yüksək səviyyəli münasibətlər qurulmuşdur. Ulu öndər Heydər Əliyevin düşünülmüş dövlətlərarası və xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində milli maraq və mənafeinin qorunmasında, təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynamışdır. Ulu öndər Heydər Əliyevin dövlətlərarası siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin sayəsində Azərbaycan dünya dövlətləri arasında böyük nüfuza sahib olmuşdur.