YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etibarlı mövqe

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

 

Ulu Öndər Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri danılmazdır. Dahi rəhbər Heydər Əliyevin zəngin siyasi fəaliyyəti ölkəmizin hərtərəfli inkişafı prosesinə təkan verərək, onu daimi yüksəliş yoluna çıxarıb. Ulu Öndərin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği sayəsində Azərbaycan bu gün etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkə kimi tanınır.

Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi, bir çox nadir keyfiyyətlər sayəsində tarixi hadisələrin gedişini irəlicədən müəyyən edib, taleyüklü, xalqımız üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlara imza atıb. Şəxsiyyətindəki qətiyyət, uzaqgörənlik, əsl vətənpərvər mövqeyi Ulu Öndəri Azərbaycanın, xalqımızın sabahını, dövlətimizin gələcəyini düşündürürdü. Zaman keçdikcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin böyüklüyünü daha çox hiss edirik, Ümummilli Liderin milli tarix üçün qəbul etdiyi qərarların, milli ideologiyanın xalqın birliyinə verdiyi təkanı daha aydın görürük.

1993-cü ilin iyun ayında xalqın təkidi tələbi ilə hakimiyyətə böyük qayıdışından sonra Ulu Öndər Heydər Əliyevin siyasi faəliyyətinin fəlsəfəsini milli birlik, vətandaş həmrəyliyi prinsipi təşkil edirdi. Dövlətlərarası münasibətlərə xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail oldu. Həmin dövrdə Heydər Əliyev beynəlxalq təşkilatların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırmağa nail oldu. Müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyev ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. Ulu Öndər eyni zamanda müstəqilliyin ilk illərində bəzi yaxın və uzaq ölkələrlə pozulmuş əlaqə və münasibətlərin yenidən qurulmasına çox böyük önəm verirdi. Eyni zamanda, Ulu Öndər Heydər Əliyev Azərbaycanın siyasi rəhbərliyinə qayıtdığı gün, 1993-cü ilin 15 iyununda Ali Sovetdə proqram xarakterli çıxışında xarici siyasətin önəmli istiqaməti kimi türkdilli dövlətlərlə işbirliyinə xüsusi əhəmiyyət verərək qeyd edib: “Xarici siyasət sahəsində görüləsi işlər çoxdur. Birinci növbədə, yaxın qonşularımızla sıx münasibətlər yaradılmalıdır. Bu baxımdan Türkiyə ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda, keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bizim bu dövlətlərlə əlaqələrimiz uzun illər çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır”.

Ulu Öndər Sovetlər İttifaqı dağılandan sonra, türkdilli respublikalar öz dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə Cümhuriyyətinin türk dünyası qarşısında ən böyük xidmətindən - türkdilli dövlətlərin birliyinin yaranmasına diqqət çəkərək bildirib ki, bu birlik bu gün də davam edir, türkdilli dövlətləri bir-birinə daha da yaxınlaşdırır, əməkdaşlığı daha da inkişaf etdirir, bizim müştərək tarixi köklərimizin birlikdə araşdırılmasına və onların aşkara çıxarılmasına, dünyaya göstərilməsinə çox kömək edir.

Ulu Öndər Heydər Əliyevin praqmatik siyasəti, misilsiz xidmətləri sayəsində tarixin müxtəlif dövrlərində çox çətin sınaqlardan üzüağ çıxmağı bacaran Azərbaycan müstəqil, suveren dövlət kimi beynəlxalq aləmdə, dövlətlərarası münasibətlərdə öz mövqeyini qoruyub saxlaya və daha da möhkəmləndirə bildi. Dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi lider, Böyük Azərbaycanlı Heydər Əliyevlə xalqımız qürur duyur və fəxr edir ki, əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş müstəqilliyimiz Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.