YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev irsi: müstəqil dövlətçilik

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri               

Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan, müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlarda başlıca imzanın müəllifinin məhz Heydər Əliyev olduğunu heç zaman unutmayıb və unutmayacaq. Tarixi yazmaq yalnız dahilərə məxsus xüsusiyyətdir, ölkələrin, millətlərin taleyini müəyyən edən, mövcudiyyətini davamlı qılan məhz həmin dahi şəxsiyyətlərdir. Müasir Azərbaycanın tarixi də Ümummilli Lider Heydər Əliyevin adı olmadan təsəvvür edilə bilməz. Bu əvəzolunmaz Liderin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli və mənəvi dəyərlərimizin qorunub saxlanması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.

Hələ ötən əsrin 70-80-ci illərində, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr yaddaşlarda iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı, elmin, təhsilin, mədəniyyətin tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin bünövrəsi qoyulub, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmışdır.

Heydər Əliyevin ən mühüm xidmətlərindən biri Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir.

1969-1982-ci illərdə respublikada milli ruhlu ziyalı ordusu formalaşmışdır. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi qərarlar, həyata keçirdiyi tədbirlər gələcəkdə müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış məqsədyönlü addımlar idi. Həmin dövrdə Heydər Əliyev respublikada irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu məktəbin ordu quruculuğunda, azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi məktəbin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin böyükhissəsi hərbi məktəbin yetirmələridir.

Böyük öndər Azərbaycanı dünyada məhz milli dəyərləri, tarixi, mədəniyyət özəlliyi ilə tanıdırdı. Məhz onun təşəbbüsü ilə ölkənin tanınmış musiqiçiləri, müğənniləri, bəstəkarları dünyanın ayrı-ayrı ölkələrində çıxış edirdilər. Bu işin əsas qayəsi Azərbaycanı tanıtmaq idi. Musiqimizə, mədəniyyətimizə verdiyi yüksək qiymət və qayğı özünü, o cümlədən Heydər Əliyevin mədəniyyət işçilərinə münasibətində də göstərirdi.

Ulu Öndər Heydər Əliyev milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.  Heydər Əliyev şəxsiyyətinin böyüklüyü onda idi ki, o, sahəyə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına nail olmuşdur. 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni, mütərəqqi nailiyyətlərindən faydalanmış, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, maariflənmədə görmüşdür. Böyük öndərin ötən əsrin 70-80-ci illərində gənclərin respublikada və onun hüdudlarından kənarda yüksək səviyyədə təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür şərait yaradırdı.

Tarixi məlumdur ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Azərbaycan xalqı bu prosesin 1918-1920-ci illərdə şahidi oldu.  Bu ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz vətənpərvər liderlərdən asılı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ulu Öndər qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, münbit biznes mühitinin formalaşdırılmasını təmin etmişdir. 

Böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının təmin olunmasının, Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin təməli qoyulmuşdur.

1993-cü ildən tətbiqinə moratorium qoyulan ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərara imza atan ilk ölkə olmuşdur. Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.

Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin tərkib hissələrindən olmuşdur.

Heydər Əliyev dövlətçilik irsinin əsas istiqamətlərindən biri də dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir. Ölkənin hərbi qüvvələrinin yaradılması dövlətçiliyin əsas atributu və qarantı hesab olunur. Lakin müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyəti ələ keçirməyə müvəffəq olmuş qüvvələrin yarıtmaz siyasəti nəticəsində bu amil ölkənin dövlətçiliyi üçün təminata deyil, təhlükəyə çevrilmişdi. Ordu quruculuğunda və ölkənin milli təhlükəsizlik sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər son nəticədə Azərbaycanda qanunsuz hərbi birləşmələrin timsalında vətəndaş müharibəsinin  meydana çıxmasına səbəb olmuşdu. Yalnız Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra bu tendensiyaya qarşı ciddi mübarizə aparmış, dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatçısı funksiyasını yerinə yetirən sabit və güclü silahlı qüvvələrin yaradılmasına nail olmuşdur.

Böyük öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyasıdır. Əminliklə demək olar ki, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbi yaradıb. Prezident İlham Əliyev respublikamızı uğurlu innovativ inkişaf yoluna çıxarmaqla, Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji-kommunikasiya layihələrinin başlıca təminatçısına çevrilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyərək Avratlantik məkana inteqrasiya kursunu davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, Ümumi Daxili Məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasında yer tutan respublikamızda xalqın sabaha inamını daha da artırıb.

Dövlət başçısı həyata keçirdiyi islahatları məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirilir. Xalqı Heydər Əliyev ideyaları ətrafında birləşdirən Prezident İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi Ulu Öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir.

Ötən hər bir il bir daha təsdiq edir ki, böyük və ibrətamiz həyat yaşamış Ümummilli Lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Heydər Əliyevın xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Ulu Öndər bütün həyatı boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.

Əminliklə demək olar ki, Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.