YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tamamilə yalan iddiadır

"Oktyabrın 5-də Avropa Parlamentinin “Azərbaycanın hücumundan sonra “Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana davam edən təhdidləri” adlı qətnaməsi qərəzlidir və ikili standartlardan xəbər verir. Belə ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Qızıl Xaç Komitəsi və bir sıra digər beynəlxalq təşkilatlar Qarabağdan ermənilərin könüllü şəkildə getdiyini bəyan ediblər. Avropa Parlamentinin bədnam qətnaməsində isə Qarabağın erməni sakinlərinin Qarabağdan zorla çıxarıldığı iddia olunur. Bu, tamamilə yalan iddiadır və beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edir".

Bunu Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Tofiq Cahangirov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev daim Dağlıq Qarabağda yaşayan ermənilərin bizim vətəndaşlarımız olduğunu, onların təhlükəsizliyi və hüquqlarının Azərbaycanın digər vətəndaşlarının hüquqları kimi tam təmin olunacağını vurğulayıb: "Dövlət başçısı 44 günlük Vətən müharibəsindən sonra həmişə Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin reinteqrasiyasının tərədarı olduğunu bildirib. Bunun üçün lazımı çağırışlar edilib, əməli işlər görülüb. Hətta ölkə rəhbərliyi Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin reinteqrasiyası ilə bağlı planını açıqlayıb. Bildirilib ki, erməni sakinlərinin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçiriləcək, sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb olunacaq, bələdiyyələr yaradılacaq, Qarabağ və Şərqi Zəngəzurda inkişafın sürətləndirilməsi üçün vergi və gömrük güzəştləri ediləcək, sahibkarlıq fəaliyyəti üçün güzəştli kreditlər veriləcək, erməni dilinin istifadəsinə imkan yaradılacaq və s. Reinteqrasiya məsələsi bir neçə dəfə Qarabağ ermənilərinin təmsilçiləri ilə də müzakirə olunub. Lakin buna baxmayaraq, Qarabağ ermənilərinin böyük əksəriyyəti könüllü şəkildə Azərbaycan ərazisini tərk ediblər. Azərbaycan nəinki onları buna məcbur etməyib, hətta könüllü gedənlərə humanitar yardım edib, yanacaq verib. Bütün bunlardan sonra Avropa Parlamentinin Qarabağın erməni sakinlərinin Azərbaycandan zorla çıxarıldıqlarını iddia etməsi qərəzlidir".

T.Cahangirovun sözlərinə görə, hətta Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən etiraf etsə də, Avropa Parlamenti bu faktı tanımaq istəmir: "Bu isə onu deməyə əsas verir ki, Avropa Parlamenti bölgədə sülhün bərqərar olunmasının deyil, gərginliyin, münaqişəli vəziyyətin qalmasının tərəfdarıdır. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri bütün dünya, Avropa ölkələri Ukraynanın apardığı müharibəni onun ərazi bütövlüyünün müdafiəsi və bərpası kimi dəyərləndirir. Ancaq Azərbaycanın öz ərazi bütövlüyünü, Qarabağ üzərində suverenliyini bərpa etməsinə qarşı çıxır, absurd iddialar irəli sürür, etnik təmizləmədən dəm vururlar. Halbuki etnik təmizləməni Ermənistan həyata keçirib: 1988-ci ildə 200 min azərbaycanlı Qərbi Azərbaycandan, 800 mindən artıq azərbaycanlı isə Qarabağ və ətraf rayonlardan çıxarılıb. Beləliklə, 1 milyondan artıq insan etnik təmizləməyə məruz qalıb və Avropa Parlamenti, digər beynəlxalq təşkilatlar, bu gün Ermənistanı müdafə edən Fransa və Almaniya 30 il ərzində bu barədə susdular. Ona görə də Avropa Parlamentinin sözügedən qətnaməsi bu qurumun, ona səs verən ölkələrin neytral olmadıqlarını, Ermənistanı müdafiə etdiklərini, Azərbaycana ikili standarlarla yanaşdıqlarını təsdiq edir. Açıq etiraf etmək lazımdır ki, bu qətnamə Fransa hökumətinin təkidi, erməni lobisinin təzyiqi ilə qəbul edilib və bizim üçün kağız parçasından başqa bir şey deyil. Bu qətnamənin Azərbaycana heç bir təsiri olmayacaq".

DİGƏR Xəbərlər Arxiv