YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Paytaxt Bakımızın oktyabrın 2-dən etibarən beş gün daha bir mötəbər tədbirə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməyə bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. İnnovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın bu tədbirə ev sahibliyini şərtləndirən amillərə diqqət yetirilir, Konqresin həm ona ev sahibliyi edən, həm də iştirakçı ölkələrin gələcəkdə texnoloji inkişafına nə kimi təsir göstərəcəyi ilə bağlı fikirlər səsləndirilir. Konqresə 100-dən artıq ölkədən 5 mindən çox nümayəndənin qatılması həm tədbirin əhəmiyyətinə, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna və nüfuzuna işıq saldı.

Azərbaycanın ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Bu dəfə ölkəmiz Konqresə müstəqil dövlət kimi ev sahibliyi etdi. Bu, Azərbaycanın müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət və hörmətin parlaq göstəricisidir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq konqres kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq.

Məlum olduğu kimi, tədbirin ölkəmizdə keçirilməsi barədə qərar 2019-cu ildə  Vaşinqtonda qəbul edilmişdir. Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazandı. Həmin seçkilərdə Azərbaycan paytaxtı bu mötəbər tədbirə ev sahibliyi üçün namizədliyini irəli sürmüş Rio-de-Janeyro, Nyu-Dehli və Sinqapur kimi müasir və inkişaf etmiş şəhərləri geridə qoyaraq qalibiyyət əldə etdi.

Azərbaycanın bütün sahələrdə zəngin təcrübəsi, eyni zamanda, böyük sabitlik məkanı kimi nüfuz qazanması beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində ideal məkan qəbul edilməsini şərtləndirir. Ölkəmiz iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi tanınır.

74-cü Beynəlxalq Astronavtika Konqresindəki çıxışında “Belə bir mühüm qlobal tədbirə ev sahibliyi etmək bizim üçün şərəfdir. Bu gün burada 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı var. Əminəm ki, qonaqlarımızın Konqresdəki işlərindən əlavə, Azərbaycanı, onun xalqını, tarixini və mədəniyyətini daha yaxından tanımaq imkanı olacaqdır” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan on ildən artıqdır beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün iki telekommunikasiya, bir Yer səthinin müşahidəsi peykinə malik olaraq  Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər: “Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir.”

Azərbaycan hər bir sahədə yeniliyin, təkmilləşmənin tərəfdarı olduğunu atdığı addımları ilə təsdiqləyir. 2003-cü ildən ölkəmizin yeni texnologiyaların inkişafı və tətbiqi sahəsində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Bir mühüm məqamı da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin Sərəncamları əsasında hər bir ilin konkret bir sahənin adı ilə bağlanması, günümüzün əsas çağırışlarını özündə ehtiva etməsi hədəflərimizin açıqlanmasında yardımçıdır. 2013-cü il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları İli” elan edildi. Həmin il fevralın 8-də Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri yaşandı. Azərbaycanın ilk telekommunikasiya peyki - “Azərspace-1” uğurla orbitə buraxıldı.

Bu gün qürurla qeyd edirik ki, Azərbaycan kosmik klubun üzvüdür. 3 peykimiz var. Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına böyük diqqət göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bu beynəlxalq tədbir ölkəmizdə kosmik sahədə innovasiyaya, tədqiqatlara və inkişafa töhfə verəcək. Həmçinin Azərbaycan gənclərinin kosmos və yüksək texnologiyalara marağının artırılması və yeni texnoloji inkişaf dövrünə hazırlığını təşviq etdi. Ölkəmizin qlobal müstəvidə artan nüfuzuna dəstək, kosmos diplomatiyası və irihəcmli beynəlxalq kosmik layihələrdə iştirak imkanları daha da genişlənəcək. Dünyanın 75-dən çox ölkəsindən yüzlərlə yüksəkixtisaslı mütəxəssisin, həmçinin 2500-dən çox gəncin ölkəmizə səfəri Azərbaycanla bağlı məlumatlılığın artırılmasında əhəmiyyətli rol oynadı.