YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qafqazda sülh üçün vaxt yetişib

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan növbəti beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi ilə diqqətdə oldu. Oktyabrın 2-də öz işinə başlayan və beş gün davam edən 74-cü Beynəlxalq Astronavtika Konqresi 100-dən artıq ölkədən beş mindən çox nümayəndəni bir araya gətirdi. Dünyanın texnoloji gündəliyinin ölkəmizdə müzakirə edilməsi böyük uğurdur. Tədbirdə çıxış edənlər ölkəmizin hazırda beynəlxalq münasibətlər sistemində artan rolunu təqdir etdilər.

Dövlət başçısı İlham Əliyev Konqresdəki çıxışında “Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir” söyləyərək onu da əlavə etdi ki, müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir.

Bir mühüm məqam da xüsusi vurğulandı ki, Azərbaycan dördüncü ildir BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata - Qoşulmama Hərəkatına sədrlik edir. Bu, Azərbaycanın geniş beynəlxalq dəstəyə malik olmasının göstəricisidir. Bununla yanaşı, ölkəmizin Avropa institutları ilə də əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, ölkəmizin xarici siyasət gündəliyini nümayiş etdirir. Azərbaycan, həmçinin iki mühüm beynəlxalq təsisatın- İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir. Çünki Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən, təbii olaraq mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması ölkəmizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir.

Göründüyü kimi, hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi sahə ilə yanaşı, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından bəhs edilməsin. Bu baxımdan 74-cü Beynəlxalq Astronavtika Konqresi də diqqətçəkən oldu. “Üç il əvvəl biz təxminən 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi. 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi. Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii sərvətlərimizin istismarına hələ başlamamışdıq. Açıq dənizə çıxışı olmayan ölkəmizdə hərc-mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın görünmürdü” söyləyən cənab İlham Əliyev vurğuladı ki, lakin xalqımız güclü siyasi iradəsini nümayiş etdirdi. Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışdı. 28 il ərzində danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq, Lakin əfsuslar ki, biz anladıq: bunu sülh yolu ilə etmək mümkünsüzdür. BMT nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl ölkəmizin suverenliyi tam bərpa edildi.

Dövlət başçısı İlham Əliyev yenə də diqqəti dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərə yönəltdi. “Əfsuslar olsun ki, işğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı” fikirlərinin davamı olaraq qeyd etdi ki, həmin qətnamələri insanlarımızın həyatını qurban verərək özümüz icra etdik. ATƏT kimi beynəlxalq təşkilatların da danışıqlarda vasitəçilik etmək mandatı var idi, lakin nəticə sıfır oldu. Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulması və hamı üçün faydanın gətirilməsidir.

Azərbaycan hər zaman sülhün və bu fonda əməkdaşlığın tərəfdarıdır. Yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən Azərbaycanın belə mötəbər tədbirlərə ev sahibliyi səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinə edilən  çağırışlarına yeni əlavələrdir.  Birgə atılan addımlar hədəfə tez və yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır. Bu gün Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün səylərini günbəgün artırır. Biz sülh istəyirik.

DİGƏR Xəbərlər Arxiv