YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Korrupsiyalaşmış deputatlardan ibarət Avropa Parlamentindən ədalətsiz qətnamələr hər zaman gözləniləndir

Prezident İlham Əliyevin ötən ilin iyul ayında Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi “Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir” fikirləri qurumun ölkəmizə qarşı qərəzli mövqeyini zaman-zaman qəbul etdiyi qətnamələrlə təsdiqləməsinə aydınlıq gətirir. Həmin görüşdə dövlətimizin başçısı onu da bildirmişdi ki, biz Avropa Parlamentinin hərəkətlərini başa düşə bilmirik. Əslində, Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir. Bəzən adama elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

“Görünən odur ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən, ədalətə və beynəlxalq hüquqa söykənən addımlarını qısqanclıqla qarşılayan bəzi dövlətlər, beynəlxalq təşkilatlar regionda sülhün, təhlükəsizliyin təmin olunmasında deyil, vəziyyətin daha da gərginləşdirilməsində maraqlı olduqlarını Ermənistana dəstək xarakterli əsassız bəyanatlar səsləndirməklə, adi kağız parçasından başqa bir şey olmayan qətnamələr qəbul etməklə nümayiş etdirirlər. Avropa Parlamentinin oktyabrın 5-də ənənəsinə sadiq qalaraq Fransa hökumətinin təhriki ilə Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnamə qurumun ədalətsiz, ikili standartlara əsaslanan siyasətinin bir daha təqdimatı oldu. Ədalət və beynəlxalq hüquq anlayışlarından xəbərsiz olan qurumun Qarabağda mövcud vəziyyətlə bağlı qəbul etdiyi qətnamədə bölgədə beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğunu iddia etməsi acı təəssüf doğurur. İndiyədək Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi hər bir qətnamə beynəlxalq hüququn kobud şəkildə pozulmasına xidmət edən addım kimi diqqətdə olub. Əlbəttə, özəl maraqların öndə dayandığı bir təşkilatda hansısa ədalətli addımın atılmasından danışmaq sadəlövhlük olar. Bircə faktı qeyd etmək kifayətdir ki, ötən ilın dekabrında qurumda ortaya çıxan rüşvət qalmaqalı belə sənədlərin hansı meyarlara söykənərək qəbul edildiyini ortaya qoymuşdu. Qurumun Yunanıstandan olan vitse-prezidenti Yeva Kayli milyonlarla dollarlıq korrupsiya cinayətində ittiham edildi. Bu baxımdan korrupsiyalaşmış deputatlardan ibarət Avropanın qanunvericilik orqanından belə ədalətsiz qətnamələr təbii ki, hər zaman gözləniləndir”, - deyə V.Rəhimzadə qeyd edib.

O vurğulayıb ki, Avropa Parlamentinin üzvləri həmin qətnamədə Avropa İttifaqı ölkələrini Qarabağdakı hadisələrə görə Azərbaycana qarşı sanksiyaların tətbiqinə, habelə əməkdaşlığın inkişafını dayandırmağa, Azərbaycan qazının idxalından asılılığın azaldılmasına çağırışlar edərkən görünür Azərbaycanın bu gün regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı, arzuolunan və etibarlı tərəfdaş olduğunu, hər zaman ədalət meyarına və beynəlxalq hüquqa əməl olunması tələbi ilə çıxış edən, ikili standartların ədalətsizliyə yol açdığını ən yüksək tribunalardan uca səslə bəyan edən ölkə olduğunu unudublar. Azərbaycan müstəqil siyasət yürüdən, heç bir qüvvənin diktəsi ilə oturub-durmayan ölkə olduğunu istər 30 il davam edən işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə nümayiş etdirib və etdirir.

Dövlətimizin başçısı İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyimizin tam bərpası münasibətilə sentyabrın 20-də xalqa müraciətində yer alan “Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!” mesajı ölkəmizə qərəzli mövqeyi ilə öncüllər sırasında dayanan Avropa Parlamentinə ciddi çağırışdır.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Avropa Parlamenti kimi məqsədi, məramı sülhə mane olmaq olan beynəlxalq qurumlar unudurlar ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi ilə ölkəmizə qarşı 30 il davam edən bütün qərəzli yanaşmalara son qoydu, Ermənistana və ona havadarlıq edən dövlətlərə, beynəlxalq təşkilatlara tarix, hüquq dərsi keçdi. Tarixi faktları, real həqiqətləri inkar etməklə nəyəsə nail olmağın mümkünsüzlüyü 44 gündə 30 ilin işğalına son qoyulması ilə bir daha təsdiqləndi. Zaman-zaman havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı deportasiya, soyqırımı siyasəti həyata keçirən, əsassız torpaq iddiasının daha da dərinləşməsi nəticəsində Qarabağ münaqişəsinin yaranmasına, torpaqlarımızın 20 faizinin işğalına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün düşməsinə səbəb olan, XX əsrin ən dəhşətli faciəsi kimi tarixə düşən Xocalı soyqırımını törədən, sıralanması bitməyən faciələrə, təxribatlara səbəb olan məhz Ermənistandır. Nə üçün o zaman Avropa Parlamenti kimi mayası qərəzdən yoğurulan qurumlar baş verənlərə laqeyd yanaşırdılar? Avropa Parlamentinin tribunasından soydaşlarımızın pozulmuş hüquqlarının bərpası bir dəfə də olsun dilə gətirilmirdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası 27 il kağız üzərində qalaraq saraldı. Təbii ki, hüquq problemini yaşayan bəzi dövlətlər, beynəlxalq təşkilatlar belə yanaşmaları, qəbul etdikləri qərəzli qətnamələri ilə Azərbaycanın prinsipial mövqeyinə, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə təsir etmək imkanında deyillər. Tarixi Zəfərimizdən sonra bəzi dünya güclərinin, Avropa Parlamenti kimi qurumların insan hüquqları anlayışından öz çirkin niyyətlərini həyata keçirmək üçün bir vasitə kimi istifadə etmələri riyakarlıqlarının nümayişidir. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatın imzalanmasından sonra 300-dən çox Azərbaycan vətəndaşının Ermənistanın mina terrorunun qurbanı olması dünyanı, o cümlədən bu gün Ermənistana və artıq tarixin zibilliyinə atılmış Qarabağdakı keçmiş separatçı rejimə dəstək missiyasını yerinə yetirən Avropa Parlamentini niyə narahat etmir? Bütün bunlar bir daha sübut edir ki, irqçi, islamofob, azərbaycanofob Avropa Parlamenti həqiqətlərə ilahi ədalətin gözü ilə baxmaqdan uzaqdır. Reallıq budur ki, Azərbaycan regionda sülh, sabitlik, əməkdaşlıq istəyir. Ermənistana sülh təklifini edən Azərbaycandır. Ölkəmiz Qarabağdakı erməni vətəndaşlarının Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə start verib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Avropa məkanında, xüsusilə Avropa Parlamentində yuva quran anti-Azərbaycan qruplaşması əsassız çağırışları ilə Azərbaycanın imicinə zərbə vurmağa, ölkəmizi beynəlxalq arenada gözdən salmağa çalışır. Bütün bu səylər, cəhdlər əbəsdir. Avropa Parlamenti yadda saxlamalıdır ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə təsir edə bilməz.

DİGƏR Xəbərlər Arxiv