YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kosmik sənayenin inkişafı dövlətimizin növbəti uğurudur

“Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra qarşıda duran ən vacib məsələlərdən biri beynəlxalq birliyin tamhüquqlu və nüfuzlu üzvü olmaq idi. Bu baxımdan ötən illərdə dövlət olaraq beynəlxalq arenada qısa müddətdə qazandığımız nüfuz başqa heç bir dövlətin diplomatik nəticəsi ilə müqayisə oluna bilməz. Belə ki, ötən 30 il ərzində Qafqazın kiçik ölkəsi kimi görünən dövlətimiz bu gün həm iqtisadi, həm də siyasi cəhətdən dünya siyasi sistemində olduqca önəmli aktora çevrilib. Hazırda müstəqil Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrinin iştirakçısıdır. Ölkəmiz BMT- dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir, iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Doğma yurdumuzun coğrafi mövqeyi - Qərblə Şərq arasında yerləşməsi və dünyanın iki mərkəzini birləşdirən iqtisadi körpü rolunu oynaması beynəlxalq arenada mövqeyimizi möhkəmləndirən mühüm faktorlardan biridir. Prezident İlham Əliyevin mükəmməl xarici siyasəti bu durumu Azərbaycanın diplomatik uğuruna çevirən başlıca amildir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin məhz Azərbaycanda keçirilməsi ölkəmizin dünya siyasi sistemində qazandığı inam və nüfuzun göstəricisi sayılır. Təqdir olunası haldır ki, Bakının ev sahibliyi etdiyi olduqca əhəmiyyətli tədbirlər yalnız iqtisadi, siyasi mahiyyət kəsb etmir, eyni zamanda dünyanın gələcəyini müəyyənləşdirən elmi-texniki məsələləri də əhatə edir.”

Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, bu baxımdan 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi xüsusilə diqqətəlayiqdir. Tədbirin məhz bu il ölkəmizdə təşkil olunması təsadüf sayılmayacaq simvolik bir ənənənin davamı idi. Belə ki, düz 50 il öncə, 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdi. İndi Ümummilli Liderin layıqli davamçısının bu yüksək əhəmiyyətli tədbiri Bakıda təşkil etməsi tarixi ənənənin davam etdirilməsi sayıla bilər. Bununla yanaşı, paytaxtımızda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçının qatılması tədbirin nüfuzunun və beynəlxalq əhəmiyyətinin göstəricisi idi. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda kosmik tədqiqatlar məsələsi hər zaman ölkə rəhbərinin diqqətində olub və on ildən artıqdır ki, müstəqil dövlət kimi beynəlxalq kosmik ailənin üzvüyük. Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısının nəticəsidir ki, bu sahədə qısa müddətdə böyük inkişafa nail olunub. Hazırda yerli mütəxəssislərimiz tərəfindən idarə olunan üç peyk təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərir. Bu dövlət başçısının ölkənin iqtisadi potensialının gələcək stateji hədəflərinə yönəldilməsi siyasətinin uğurudur. Ümumiyyətlə, müasir dünyada dövlətlərin inkişaf strategiyasında kosmik tədqiqatlar mühüm yer tutur və Prezident İlham Əliyevin bu istiqamətdə də dövlətimizi önə çıxarması müstəsna nailiyyətdir. Bütün bu fəaliyyətin nəticəsi və davamı olaraq Bakıda keçirilən konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir.

Deputat sonda qeyd edib ki, Azərbaycanın belə bir mühüm tədbirə ikinci dəfə ev sahibliyi etməsi beynəlxalq səviyyədə də kosmik tədqiqatlar baxımından ölkəmizin nailiyyətlərinin qəbul olunduğunun və perspektiv inkişafına inamının göstəricisidir. Prezident İlham Əliyev bütün istiqamətlər üzrə dövlətimizin inkişafını və qüdrətini beynəlxalq səviyyəyə qaldırdığı kimi, kosmik tədqiqatlar sahəsində də böyük uğurlar əldə ediləcəyi şübhəsizdir. Bu, Azərbaycanın davamlı inkişafının tərkib hissəsinə çevrilmiş prinsip olaraq qəbul olunur.