YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın bu gününü dünəni ilə müqayisə etdikdə hər günün tariximizə mühüm hadisələrlə yazıldığını böyük fəxr hissi ilə qeyd edə bilərik. Bu uğurları şərtləndirən amil təbii ki, dövlətin düzgün müəyyənləşdirilən siyasətidir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.

Azərbaycan dövlət müstəqiliyini yenidən bərpa etdiyi ilk illərə qısa nəzər salaq. Ölkədə hakimiyyətsizliyin mövcudluğu bütün sahələrdə, o cümlədən xarici siyasətdə uğursuzluqlara səbəb oldu.  Azərbaycanın ətrafında yaradılan informasiya blokadası erməni yalanlarının ayaq tutub yeriməsinə yol açdı.  Belə ki, ermənilərin və erməni diasporunun apardığı yalan, əsassız təbliğata uyğun olaraq beynəlxalq aləmdə “yazıq, məzlum, əzilən, döyülən” xalq, millət kimi tanındılar. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, məhz bu təqdimata görə ABŞ Konqresi ölkəmizə qarşı “Azadlığı Müdafiə Aktına” ədalətsiz “907-ci düzəliş”i  əlavə etdi. Bu ədalətsiz qərar o ölkələrə tətbiq edilirdi ki, onlar işğalçılıq siyasəti həyata keçirirdi. Ermənilərin belə bir qərarın qəbul olunmasına nail olmaqda məqsədləri Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək, ən əsası digər ölkələrdən asılı vəziyyətə salmaq idi. Qeyd etdiyimiz kimi, belə ədalətsiz addımların atılmasında müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlıq əsas yer tuturdu. O dövrün iqtidarının başı öz şəxsi ambisiyalarına elə qarışmışdı ki, Azərbaycanın taleyi onları düşündürmürdü. Torpaqları işğal altında, bur milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda Ermənistan işğala məruz qalan dövlət kimi dünyaya təqdim edilmişdi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmaq, həqiqətlərimizi dünya ictimaiyyətinə əsaslı şəkildə çatdırmaq idi. Ümummilli Lider Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi.  Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Onun gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönələn məqsədyönlü, sistemli,  davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndərin bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdu.

Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada diqqəti bu gün tarixə qovuşan Qarabağ münaqişəsinə yönəltməsin, erməni yalanları faktlar əsasında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasın. O, müstəqillik yolunda ilk addımını atan dövlətlərin qarşısında dayanan vəzifələr sırasında hər zaman xaricdə varlığının təsdiqini, tanınmasını əsas amil kimi önə çəkirdi. Diasporun bir dövlətin xaricdə varlığı olduğunu qeyd edən Ulu Öndər Heydər Əliyev Azərbaycan diasporunun formalaşması, dünyada cərəyan edən proseslərə təsir imkanlarının artması istiqamətində biri-birindən mühüm addımlar atdı. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Azərbaycanın ayrı-ayrı dövlətlərdə mərkəzlərinin yaradılmasına nail olan Ulu Öndər Heydər Əliyev sonrakı dövrdə onların vahid mərkəzdən idarə olunmasının vacibliyini bildirdi. 2001-ci ildə Ümummilli Liderin təşəbbüsü və Sərəncamı əsasında Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu istiqamətində mühüm addım olmaqla yanaşı, onların birliyinin, həmrəyliyinin əsası qoyuldu.

Ulu Öndər Heydər Əliyevin xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafına xüsusi diqqəti də ölkəmizin tanınmasında, həqiqətlərinin təbliğində əhəmiyyətli rol oynadı. İllər keçdikcə Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması, diasporumuzun dünyada baş verən hadisələrə təsir imkanlarının artması, Azərbaycanın imzasının imzalar arasında görünməsi ilə bərabər, sözünün də  əhəmiyyətli olması, dünya birliyinin fəal üzvü kimi tanınması  erməni yalanlarıın ifşasında öz sözünü dedi. Azərbaycanın xarici siyasət uğurları, dünya azərbaycanlılarının birliyi, həmrəyliyi tarixi Zəfərimizdə mühüm rol oynayan amillər sırasında oldu. Hazırda Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyatının yeni mərhələsini yaşayır.