YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İttihamlar boşa çıxdı

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Hər dövrün öz tələbi vardır. Tarixi Zəfərimizin reallıqları bütün sahələrdə yenilikləri, təkmilləşməni zərurətə çevirdi. Siyasi sistemin təkmilləşdirilməsi də bu tələblər sırasındadır. Azərbaycan ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan ölkə olaraq hər zaman bu yeniliklərə açıq olduğunu atdığı addımları ilə təsdiqləyir. Qəbul olunan qanunların dövrün tələbinə uyğun təkmilləşdirilməsi də deyilənlərin təsdiqidir. Bu baxımdan Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələrinin “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciəti və bu əsasda yeni qanun layihəsinin hazırlanaraq müzakirələrdən sonra qəbulu və dövlət başçısı İlham Əliyevin bu ilin əvvəlində yeni sənədi təsdiqləməsi ölkəmizdə demokratik inkişafın daha da sürətləndirilməsi istiqamətində növbəti addım kimi dəyərləndirildi. Hər bir ölkənin inkişafında siyasi partiyaların rolu böyükdür. Azərbaycan dövləti həm bu amili, həm də demokratik cəmiyyətin vacib atributu olaraq siyasi partiyaların normal fəaliyyəti üçün zəruri olan addımları atır. Bu addımlar hüquqi bazanın təkmilləşdirilməsində özünün aydın ifadəsini tapır. Qeyd edək ki, 1992-ci ildə qəbul olunan “Siyasi partiyalar haqında” Qanun həmin dövrün tələblərini əks etdirirdi. Ötən 30 ildə Azərbaycanın hansı uğurlara imza atdığı göz qabağındadır. Bütün sahələrdə islahatlar prosesi həyata keçirilir. Bircə bu faktı qeyd edə bilərik ki, bu günədək əvvəlki Qanuna 27 dəfə əlavə və dəyişiklik edilib. Həmin Qanun təbii ki, qəbul olunduğu dövrün reallığını əks etdirirdi. Bu, o dövr idi ki, Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Təbii ki, o zamanın hədəfləri tamamilə fərqli idi. İllər keçdikcə inkişaf yolunda inamla irəliləyən Azərbaycanın ictimai-siyasi həyatında dünyanı heyrətləndirən yeniliklər baş verir, yeni tələblər qarşıya qoyulur. Hər zaman çağırışları yüksək səviyyədə cavablandıran Azərbaycanın dövlətinin mövcud qanunlara mütəmadi olaraq əlavə və dəyişikliklər etməsi də bu tələblərdən irəli gəlirdi.

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu bu islahatların davamıdır. Ümumilikdə bu Qanunun hansı yeniliklərə yol açacağı xeyli müddətdir ki, geniş müzakirə olunur. Təəssüf doğuran hal budur ki, radikallığı fəaliyyətlərinin əsası kimi qəbul edən bəzi siyasi partiyalar yenə də ictimai fikri çaşdırmaq üçün qeyri-ciddi fikirləri ilə gündəmdə qalmağa səy göstərdilər. Hər yeni sənəd təbii ki, qarşıdakı dövr üçün hədəfləri, çağırışları özündə ehtiva edir. Azərbaycanda 50-dən artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların fəaliyyətləri üçün normal şəraitin yaradılması demokratik inkişafın əsas göctəriciləri sırasındandır. Lakin bu reallıqları görməzdən gələn radikal müxalifət “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunu, burada əksini tapan müddəaları öz maraqları baxımından təhlil etməklə ictimai qınağı daha da dərinləşdirmələrinə səbəb oldular. Guya yeni Qanun siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmağa, “təkpartiyalılığın” yaradılmasına xidmət edir, siyasi partiyalara münasibətdə ayrı-seçkilik mövcuddur və sair. Onların bu fikirlərinin nə qədər əsassız, qərəz olduğunu yeni Qanunda əksini tapan müddəalar təsdiqləyir. Siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırıımasından deyil, daha da genişləndirilməsindən, demokratik mühitin formalaşmasından söhbət gedir. Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi ətrafında aparılan qeyri-ciddi müzakirələr radikal müxalifətin məqsəd və məramının açıqlanmasında yardımçı oldu. Yeni sənədin tələblərinə uyğun olaraq hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Yeni Qanunda hansı hallarda siyasi partiyaların təsis edilməsinə və fəaliyyətinə yol verilmədiyi də öz əksini tapıb. Əvvəlki Qanundan fərqli olaraq bundan sonra siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir.

Göründüyü kimi, bütün müddəalar siyasi partiyaların normal fəaliyyətinə yönəlib. Dövlətimiz hər zaman atdığı addımları ilə demokratik dəyərlərə sadiqliyini nümayiş etdirir. Bu günümüzün reallıqları fonunda radikal düşərgədə tamamilə fərqli bir mənzərə müşahidə edilir. Bu ünsürlər apardıqları təbliğatın nə qədər əsassız olduğunun şahidinə çevrildilər. Radikal müxalifət partiyalarının üzvlərinin reyestrinin təsdiq edilməsi bütün ittihamlarını boşa çıxardı. Hakimiyyət siyasi partiyaların üzvlərinin reyestrini təsdiq etməklə siyasi dialoqa sadiqliyini bir daha nümayiş etdirdi.

DİGƏR Xəbərlər Arxiv