YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfərimiz “Əsrin müqaviləsi”nin iqtisadi və siyasi əhəmiyyətinin təqdimatıdır

Azərbaycanın dünya miqyasında iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində, etibarlı, arzuolunan tərəfdaş kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzlanmasının 29-cu ildönümü ərəfəsindəyik.  1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması  regionda, eləcə də dünyada qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirmişdir ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi”nin imzalanmasından öncə  Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin keçirilməsi Azərbaycanın malik olduğu enerji resurslarının dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Bugünümüzün reallıqları fonunda  ötən dövrə nəzər saldıqda bu məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb. Bu gün isə Azərbaycan  neftlə yanaşı, qaz, elektrik enerjisi ixracatçısıdır.  Bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması günümüzün əsas çağırışlarındandır. Bu uğurlara yol açan Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. «Əsrin müqaviləsi»nin imzalanmasından ötən 29 il zaman baxımından  çox da böyük olmayan  bir rəqəm kimi ifadə edilsə də  əldə olunan uğurların miqyası,  ən əsası Azərbaycanın iqtisadi imkanlarının artması fonunda siyasi mövqeyinin möhkəmlənməsi  bu yolun zənginliyi barədə aydın təsəvvür yaradır. Bu sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu.  Ümummilli Lider Heydər Əliyev bu mühüm hadisənin əhəmiyyətini belə səciyyələndirmişdir ki,  belə bir addımı atmaqla Azərbaycanın dünya, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdirdik. Bu müqaviləni imzalamaqla Azərbaycan  ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaranır , ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına qoşulması üçün əsas formalaşır.  Bu müqavilə xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açır.

Regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin 2006 və 2007-ci illərdə istifadəyə verilməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadı.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, arxada qalan hər il bir hesabat xarakteri daşıyır. Bu baxımdan təkcə son bir ildə  enerji sektorunda qazanılan uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan hazırda Avropa üçün əsas tərəfdaşdır. Əməkdaşlıq əlaqələrinin coğrafiyasının daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələrin gündəmə gətirilməsini şərtləndirir.  Dövlət başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə  xalqa  müraciətində bu məqamı  xüsusi olaraq bildirmişdir ki, gəlin fərz edək, əgər 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası  böyük imkanlar yaratdı, bundan sonra da  yaradacaq və  bundan  səmərəli istifadə edəcəyik.

Baş redaktor bir mühüm məqama da diqqəti yönəldib ki, Ümummilli Lider   Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında  o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin böyük xidmətləri olub. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev Azərbaycanın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin səylər göstərmişdir.

Vüqar Rəhimzadə Böyük Yolun davamı kimi dəyərləndirilən 2003-cü ildən bu günədək Azərbaycanın enerji diplomatiyasının uğurlarına diqqəti yönəldərək bildirib ki, Ulu Öndərin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi istiqamətində  daha bir tarixi saziş imzalandı. 2017-ci ildə Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında kontraktın imzalanması mərasimi keçirildi. Həmin sənədə əsasən, bu neft yataqlarının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni sazişin imzalanması mərasimində  dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd etmişdir ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi  rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə Ulu Öndər Heydər Əliyev öz çıxışında qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.

Baş redaktor bildirib ki, Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Reallıq budur ki, Azərbaycan yeni layihələrin təşəbbüskarı kimi çıxış edərək yeni dostlar və tərəfdaşlar qazanır. Bircə faktı qeyd etmək kifayətdir ki, çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi 2020-ci ilin dekabrında tam tərkibdə istifadəyə verilsə də bugünümüzün əsas hədəflərindən biri TAP-ın və TANAP-ın genişləndirilməsidir. Bütün bu işlərin  komanda şəklində davam etdirilməsi əsas çağırışlar sırasındadır.

Vüqar Rəhimzadə xatırladıb ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Təkcə ötən il imzalanan və  dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfə kimi dəyərləndirilən sənədlərə  diqqət yetirsək bunun bir daha şahidi olarıq. 2022-ci ilin iyul ayında   Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə   Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, dekabr ayında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Həmçinin ötən ilin oktyabr ayında  Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. Bu ilin aprelində isə  dövlət başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfəri zamanı imzalanan «Bulgartransgaz» (Bolqarıstan), «Transgaz» (Rumıniya), FGSZ (Macarıstan) və «Eustream» (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” da bunun təsdiqidir. Sözügedən sənəd  Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir.

Baş redaktor  neft siyasətinin məntiqi davamı olaraq 2003-cü ildən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlardan və əldə olunan uğurlu nəticələrdən də danışıb. Bildirib ki, dövlət başçısı İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Son 20 ilə yaxın müddətdə bu sahədə qazanılan uğurlar hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində öz əksini tapır. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Azərbaycan bu işləri  öz daxili imkanları hesabına həyata keçirməklə malik olduğu iqtisadi və  siyasi imkanları dünyaya təqdim edir. Bu, bir daha onu göstərir ki, Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurlar davamlıdır. İqtisadi strategiyanın düzgün əsaslar üzərində qurulması ölkəmizin hər bir iqtisadi çətinlikdən uğurla çıxmasını şərtləndirir. “Əsrin müqaviləsi” tarixi Zəfərimizin qazanılmasında da əhəmiyyətli rol oynadı. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması son dərəcə vacib amil idi.  Azərbaycanın iqtisadi və maliyyə imkanları bu sahədə zəruri addımların atılmasında, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsində öz sözünü dedi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu həqiqətlərimizin təbliğinə geniş imkanlar yaratdı.

Vüqar Rəhimzadə qeyd edib ki, neft strategiyasının uğurla həyata keçirilməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR),  ölkəmizin çoxminli neftçilər ordusunun öz payı, rolu vardır. Ümummilli Liderin Fərmanı ilə “Əsrin müqaviləsi”nin imzalandığı tarixin - 20 sentyabrın Neftçilər Günü kimi təsis edilməsi bu baxımdan özündə bütün məqamları ehtiva edir. Qəhrəman Azərbaycan neftçiləri bu bayramı hər il yüksək göstəricilərlə qeyd edirlər. Onu da xüsusi vurğulamaq gərəkdir ki, dövlətimizin başçısı İlham Əliyev SOCAR-ın qarşısında beynəlxalq transmilli şirkətlər cərgəsinə qoşulmağı mühüm vəzifə kimi qoymuşdur. Məhz bu tapşırığı əldə rəhbər tutan SOCAR bu gün ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi uğurlu investisiya layihələri ilə beynəlxalq nüfuzunu gündən-günə möhkəmləndirməklə modern quruma çevrilib”. Bu günlərdə enerji sektorunda qazanılan növbəti uğur - “Abşeron” qaz-kondensat yatağında ilk qazın verilməsi Azərbaycanın, həmçinin  SOCAR-ın beynəlxalq nüfuzunun artmasında mühüm rola malikdir.

  Baş redaktor   29 ilin uğurlarını dövlət başçısı İlham Əliyevin  “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə söylədiyi “Bütün bunlar bizim tariximizdir. Əlbəttə, bu gün bu məclisdə bir çıxışda neft-qaz sənayesi sahəsində görülmüş bütün işləri sadalamaq qeyri-mümkündür. Buna bəlkə də saatlar, günlər lazımdır. Qazma qurğularının Azərbaycanda tikintisi, on minlərlə Azərbaycan vətəndaşının işlə təmin edilməsi, ölkəmizə gələn gəlirlərdən düzgün istiqamətdə istifadə edilməsi, yəni, bütün bunlar bugünkü reallıqlardır” fikirləri ilə ümumiləşdirib.

DİGƏR Xəbərlər Arxiv