YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdış prosesləri sürətlə reallaşdırılır

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Laçın mərdlik, igidlik və qəhrəmanlıq dastanları ilə zəngin olan bir diyardır, məkandır. Təəssüf ki, 18 may 1992-ci ildən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Laçın 30 ilə yaxın dağıdılıb və viran edilib, işğalçı ermənilərin tapdaqları altında qalıb. Müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdilər və Laçın bir müddət sonra, yəni razılaşdırılımış sazişə əsasən 26 avqust 2022-ci ildə Azərbaycanın nəzarətinə keçib.

Laçın şəhərində bərpa və quruculuq işləri aparılmasına gec başlanılmasına  baxmayaraq, burada Böyük Qayıdış prosesləri sürətlə reallaşdırılır və həyata keçirilir. Son bir neçə ay ərzində Laçın fasiləsiz rejimdə fəaliyyət göstərən nəhəng tikinti meydançasına bənzəyir və bunlar artıq öz bəhrəsini verməkdədir.

Hazırda Laçın intensiv olaraq yüksəliş dövrünü yaşamaqdadır. 2023-cü il may ayının 28-də doğma yurdlarına qayıdan laçınlılara dövlət başçısı tərəfindən evlərinin açarları təqdim olunub. Şəhər günü qeyd olunana kimi artıq minə yaxın laçınlı öz doğma şəhərində məskunlaşıb. 2023-cü ilin sonuna qədər isə Laçın şəhərində 900 ailənin yaşayışı üçün mənzillər və müvafiq infrastruktur hazır olacaqdır.

Laçın şəhərinin intensiv olaraq dirçəldilməsi məqsədilə bir sıra strateji obyektlər tikilməkdədir və bir-birinin ardınca analoji obyektlərin dövlət başçısının və Birinci vitse prezidentin iştirakı ilə açılış və təməlqoyma mərasimləri keçirilir. Avqustun 25-də Laçın sənaye zonasında mebel fabrikinin açılışı buna əyani sübutdur. Əhalinin doğma yerlərinə qaytarılması ilə yanaşı, həm də sənaye infrastrukturu yaradılır, yeni iş yerləri ərsəyə gətirilir və ümumilikdə Laçın şəhərinin və Laçın rayonun sosial-iqtisadi inkişafına əsaslı zəmin formalaşdırılır. Aqrar sahənin, tütünçülüyün, turizmin, xidmət sahələrinin inkişaf etdirilməsi maksimum prioritetlik təşkil edir.

Avqust ayının 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Laçın şəhərinə yaxın ərazidə mehmanxana kompleksinin təməlqoyma mərasimi keçirildi. Laçında Beynəlxalq Hava Limanının 2025-ci ildə istismara verilməsi gözlənilir.

Laçın rayonunun işğaldan azad olunmuş digər ərazilərlə birləşdirən bir neçə yol layihələrinin icra edilməsi, mürəkkəb relyefə malik olan ərazilərdə tunellərin tikilməsi, yeni yolların salınması son nəticədə regionda müəssisələr şəbəkəsinin yaradılmasına, əhalinin məskunlaşmasına əlavə stimul verəcəkdir.

Laçın şəhərinin intensiv bərpa edilməsi və yüksək texnologiyalar əsaslı müasir şəhərə çevrilməsi ümumilikdə Laçın rayonunun daha sürətlə bərpa olunmasına, iqtisadiyyat quruculuğunun gücləndirilməsinə müsbət təsir göstərəcəkdir.