YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz hazırıq!

“The Daily Tribune” nəşrində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin Ermənistan-Azərbaycan münasibətlərindəki son proseslər və bölgədəki mövcud vəziyyətə dair məqaləsi yayımlanıb.

Məqalədə 2020-ci ildə müharibədə qalib gələn Azərbaycanın regionda davamlı sülh istədiyi və münasibətlərin normallaşdırılması prosesinə hazır olduğu bildirilir.

Qeyd olunur ki, Ermənistan-Azərbaycan arasında sülh danışıqlarındakı əngəllərdən biri İrəvanın açıq şəkildə sülh müqaviləsi bağlamaq istəməməsidir. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, sülh müqaviləsinin imzalanması üçün real addımlar atmır, əksinə, separatçı quruma maliyyə yardımı ayırmaqla, onu dəstəkləməklə bu işə ciddi ziyan vurur.

Yazıda bildirilir ki, 2020-ci il noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalı olsa da, bu, hələ də reallaşmayıb. Ermənistan bununla da Azərbaycanın erməni əhalisinin reinteqrasiya prosesinə müdaxilə edir. Regional sülhə bağlılıq təkcə sözdə deyil, həm də əməldə olmalıdır. Ermənistan isə bunu nümayiş etdirmir.

Ermənistan ilə Azərbaycan arasında bir neçə yüksək səviyyəli görüşün keçirildiyinin vurğulandığı yazıda diqqətə çatdırılır ki, Ermənistan beynəlxalq aləmə bölgədə mövcud vəziyyətlə bağlı təhrif olunmuş məlumatlar ötürür. Burada əsas məqsəd sülh prosesinə zərbə vurmaq, reinteqrasiya məsələlərini ləngitməkdir. Bu isə ümumilikdə bölgədə yeni böhran vəziyyəti yaratmaqla

normallaşma prosesini pozur.

Vurğulanır ki, son günlər Ermənistan ictimaiyyətə “Laçın dəhlizi”nin bağlanması, “blokada” və ya “humanitar böhran”ın mövcudluğu haqqında yalanlar sırımağa çalışır. Halbuki, “Laçın dəhlizi” adlanan yol birmənalı olaraq Azərbaycanın suveren ərazisidir. Üçtərərəfli Bəyanata əsasən bu yol humanitar məqsədlər üçün nəzərdə tutulsa da, Ermənistan bu öhdəliyinə də əməl etməyib. Yoldan bölgədəki qeyri-qanuni silahlılara dəstək vermək və Azərbaycan ərazisindən faydalı qazıntıların qanunsuz çıxarılması üçün istifadə olunub. Buna görə də Azərbaycan cari il aprelin 23-də öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün Ermənistanla Azərbaycan arasında dövlət sərhədində, Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi quraşdırıb.

Sərhəd-keçid məntəqəsində vətəndaşların və nəqliyyat vasitələrinin şəffaf keçidi təmin edilir.

Yazıda Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlardan da bəhs olunur.

Həmçinin bildirilir ki, Ermənistanın iddia etdiyi kimi bölgədə “humanitar böhran” yaşanmasa da, Azərbaycan humanist mövqedən çıxış edərək, alternativ və daha qısa marşrutlardan istifadə etməklə, bu istiqamətdə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə işləməklə Ağdam-Xankəndi yolu ilə humanitar yardım təklif edir. Rəsmi Brüssel də Ağdam-Xankəndi yolundan istifadə olunmasının sakinlərin həyati ehtiyaclarını təmin etmək üçün vacib adlandırıb. Bütün bunlara baxmayaraq, bölgədə “humanitar böhran”ın yaşandığını iddia edən erməni tərəfi müqavimət göstərməkdə davam edir.