YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvanın intibahı Ümummilli Liderin adı ilə bağlıdır

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri əvəzsiz, misilsiz və unudulmazdır. Onun adı və fəaliyyəti ilə bağlı olan bütün tarixi hadisələr dövlətçilik tariximizin şanlı qürur səhifəsidir.

Siyasi tariximizin dönüş nöqtəsi hesab olunan əlamətdar hadisələrdən biri də Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsidir.

Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə görülən işlər sosial-iqtisadi, siyasi-ideoloji, ictimai-mədəni və tarixi nöqteyi-nəzərdən Azərbaycana çox mühüm üstünlüklər qazandırıb.

Muxtar respublikada tənəzzülün qarşısının alınması, sabitliyin təmin edilməsi müstəsna əhəmiyyətə malik olub. Eyni zamanda, 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımızın qaldırılması, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması, Naxçıvanda Kommunist Partiyasının fəaliyyətinin dayandırılması və Sovet ordusu, əsgəri birliklərinin Muxtar Respublika ərazisindən çıxarılması tarixi və dövlətçilik ənənələrinin bərpası baxımından böyük önəm daşıyırdı. Bunlarla yanaşı, Ulu Öndərin təşəbbüsü əsasında 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edilməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar verilməsi milli siyasətin mühüm tərkib hissəsi kimi siyasi-ideoloji əhəmiyyət və rəmzi məna daşıyırdı. Blokada şəraitində olan Muxtar Respublikanın qonşu ölkələrlə əməkdaşlığa əsaslanan əlaqələrinin inkişafı ilə bağlı mühüm addımların atılması sosial-iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə idi.

Göründüyü kimi, Ümummilli Liderin milli maraqlara əsaslanan fəaliyyəti və müstəsna xidməti sayəsində Naxçıvanın xilası və dirçəlişi təmin edilib. Muxtar Respublika bu gün Heydər Əliyev ideyaları əsasında - Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində inkişaf yolunda inamla irəliləyir, yeni nailiyyətlərə imza atır.