YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənc nəsli Azərbaycanın sabahı naminə səfərbər edən siyasət

“Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti ölkəmizdə yetişməkdə olan vətənpərvər gənclərin inkişaf yoluna işıq salıb, onların dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, həyatın bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq” deyən Ümümmilli Liderimiz Heydər Əliyev kiçik yaşlardan hər bir ölkə vətəndaşının vətənpərvərlik hissləri ilə yetişdirilməsinin vacibliyini qeyd edib.”

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin mühüm rolu olub. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir.

Ümummilli Liderimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində gənclərimizə böyük ümidlər bəsləyib. Dahi şəxsiyyət dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirən Ulu Öndər onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər daim önə çəkir, gənc nəslin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsinə xüsusi qayğı ilə yanaşırdı. Böyük şəxsiyyətin banisi olduğu gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək olub.

Pərvin Kərimzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Gününün təsis edilməsi, Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi uğurlu gənclər siyasətinin səmərəliliyini daha da artıran əhəmiyyətli faktorlardır.

Müstəqil ölkəmizin sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Yəni daxili siyasətin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Dahi şəxsiyyət Heydər Əliyev gəncliyin fəal sosial təbəqə kimi ictimai həyatdakı roluna mühüm əhəmiyyət verərək deyirdi: “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”

Ulu Öndərin bizlərə miras qoyduğu bu siyasət gənclərin vətənpərvər vətəndaş kimi formalaşmasına şərait yaratdı və milli həmrəyliyimizi gücləndirdi. Vətənpərvər gənclərimiz 44 günlük Vətən müharibəsində qəhrəmanlıqları ilə dillərə dastan oldular. Bütün bunlar “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir.” söyləyən Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin, Prezident İlham Əliyevin gənc nəslə qayğısının nəticəsi idi. 44 günlük müharibədə Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Tarixi missiyanı həyata keçirən bizim qəhrəman gənclərimiz tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Ümummilli Lider Heydər Əliyev əminliklə bildirirdi ki, bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Məhz, dahi Öndərin ideyalarını öz fəaliyyətində daim rəhbər tutan gənclər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdilər.

Müstəqil, güclü-qüdrətli ölkənin vətəndaşları olan Azərbaycan gəncləri bundan sonra da ölkəmizin müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vuracaq,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.