YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərin inkişafı

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin mühüm strateji istiqamətlərindən biri də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin tənzimlənməsindən, həmin ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin qurulmasından ibarətdir.

Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərin intensivləşməsinin şahidi oluruq. Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır.

Bu il avqustun 22-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə gəldi. Bu səfər Azərbaycan-Özbəkistan qardaşlığının və dostluğunun bariz göstəricisi idi.

Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf etməkdədir.
İki ölkə arasında diplomatik münasibətlərin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və Özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. 

Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb.

Prezident İlham Əliyevin Özbəkistana, eləcə də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə müntəzəm xarakter alan qarşılıqlı səfərləri əməkdaşlıq imkanlarının daha da güclənməsinə və iqtisadi əlaqələrin artmasına səbəb olur. İki dövlət başçısının qarşılıqlı səfərləri ölkələrimiz üçün tarixi və strateji əhəmiyyət daşıyır. Dövlət başçılarının bəyanatları, imzalanmış sənədlərin əhatəsi bu səfərin tarixi əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. 

Özbəkistan çox zəngin yeraltı sərvətlərə malikdir və pambıq və qızıl hasilatı baxımından əhəmiyyətli bir mövqedədir. Eyni zamanda bu ölkənin mühüm bir ticarət və turizm potensialı var.

İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatında təmsil olunan bu iki ölkə arasında münasibətlərin siyasi, sosial-iqtisadi, humanitar və maraq doğuran digər qarşılıqlı sahələrdə əməkdaşlığının daha da genişləndirilməsi nəzərdə tutulur. Bakı ilə Daşkənd arasında qurulan yüksək səviyyəli əməkdaşlıq hər iki dövlətin, eləcə də xalqların ümumi maraqlarına xidmət edir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də Azərbaycana səfəri qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifəsi olaraq tarixə düşdü. Bu səfər çərçivəsində bir sıra mühüm sənədlərin imzalanması eyni soy-kökə və böyük tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələrinin bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilməsinə təkan verəcək.