YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın daha gözəl diyara çevrilir

“Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın rayonu Azərbaycanın ən qədim insan məskənlərindən biridir. Ərazidə IX-XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də, çoxsaylı su dəyirmanları var. Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1930-cu ildə isə müstəqil inzibati rayon yaradılıb. Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub.Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüş, rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilmiş, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdı. Ermənistan işğalçı tərəf kimi Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan erməni əsilli qaçqınların məqsədyönlü məskunlaşdırılması siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdu. Bu gün Azərbaycan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Ölkəmiz Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, beynəlxalq hüququ, ədaləti, o cümlədən, azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu da təmin etdi. Bu mənada Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin, keçmiş məcburi köçkünlərimizin uzun illər pozulmuş qalan hüquqlarının da bərpasıdır.”

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, Böyük Qayıdışın növbəti mərhələsi olan Laçına qayıdış, artıq, başlanıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Laçın öz görkəmini alır, daha gözəl diyara çevrilir. Mayın 28-dən başlayan qayıdış prosesində artıq 234 ailədən ibarət olan 1000-ə yaxın sakin öz doğma evlərinə qovuşmağın sevincini yaşayır. Bu ilin sonuna qədər daha 900 ailə üçün yeni evlərin tikintisinin başa çatdırılması nəzərdə tutulub. Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqust “Laçın Şəhəri Günü” elan edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Laçın öz görkəmini alır, daha gözəl diyara çevrilir,  Laçına həyat yenidən qayıdır. Uzun illər işğal altında olmuş Laçın rayonu hazırda dirçəliş dövrünü yaşayır, burada sürətli abadlıq-quruculuq işləri aparılır. Görülən işlərin nəticəsi olaraq, artıq, 1000-ə qədər sakin öz yurduna dönüb və bu proses uğurla davam edir. Hazırda Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. İşğaldan azad edilmiş Laçın rayonunda yol infrastrukturunun da tikintisi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin Sərəncamına əsasən, tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Laçın rayonunda həyata keçirilən digər böyük layihə beynəlxalq hava limanının tikintisidir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən, Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır.

K.Bayramov diqqətə çatdırıb ki, dövlətimizin başçısı Şərqi Zəngəzurda və Qarabağda görülən işlərlə yerində tanış olur, tapşırıq və tövsiyələrini verir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına sonuncu səfəri də, bu baxımdan əlamətdar oldu. 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxış edən dövlət başçımız qeyd etdi ki, biz qurub-yaradan xalqıq. Erməninin otuz il dağıtdığını biz iki ilə artıq qururuq, qurmuşuq, insanlar qayıdıblar. Biz öz torpağımızdayıq. “Bura da əzəli Azərbaycan torpağı olub. İşğal dövründə hansı eybəcər ad verirsən-ver, onun əhəmiyyəti yoxdur. O ad da onların başına dəydi, elə onlarla da cəhənnəmə getdi”.