YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT TŞ-dəki müzakirələr Ermənistanın öz ampulasından kənarda siyasət yürüdə bilmədiyini təsdiqlədi

Azərbaycan xarici siyasət sahəsində ciddi uğurlara imza ataraq dünyada söz sahibinə çevrilib. Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan ölkəmizin malik olduğu nüfuz təkcə regionla məhdudlaşmır, beynəlxalq miqyasda onun rolunu artırıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müxtəlif əməkdaşlıq layihələri ilə region və onun hüdudlarından kənarda sülh və sabitliyin sərhədlərinin genişləməsinə davamlı olaraq töhfələr verir. Regionumuzda baş verən proseslər, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlər milli maraqlarımızın qətiyyətlə qoruduğunun daha bir ifadəsidir. BMT Təhlükəsizlik Şurasındakı (TŞ) müzakirələr bir daha Azərbaycanın dünyada nüfuzunu, Ermənistan diplomatiyasının isə tam iflasa uğradığını göstərmiş oldu. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sənəd qəbul olunsun deyə Ermənistan yenidən bütün qüvvəsini səfərbər etsə də, həmişə olduğu kimi bu cəhdlər nəticəsiz oldu. Xatırlatmaq yerinə düşər kı, ötən il Fransa və Ermənistan tərəfindən Laçın yolu məsələsinin BMT TŞ-də qaldırılmasına cəhd edilsə də onların bu addımı da nəticə verməmiş və iflasa uğramışdı.

Bunu Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov deyib.

O qeyd edib ki, avqustun 16-da BMT Təhlükəsizlik Şurasının ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclas keçirməsi erməni siyasətinin çirkin üzünü bir daha ortaya qoymuş oldu. Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniya heç bir məntiqə, reallığa əsaslanmadığından onların bu oyunu erməni “siyasəti”nin üzü idi. Belə ki, Ermənistanın “blokada” və ya “humanitar böhran” ilə bağlı bütün əsassız və sübutu olmayan iddiaları əsaslı dəlillərlə rədd edilib. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli kampaniya artıq müstəqil ölkəmizin uğurlu sülhsevər siyasətinə kölgə sala bilməz. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan qalib dövlət olaraq regionda yeni reallıqlar yaradıb. Hər kəs bu reallığı qəbul edib. Beynəlxalq hüquq Azərbaycanın haqli mövqeyini müdafiə edir.

Ölkəmizin İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq münasibətlər sistemində nüfuzunu və gücünü əhəmiyyətli dərəcədə artırdığını diqqətə çatdıran Azər Süleymanov bildirib: “Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib. Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə uyğun olaraq münaqişəni artıq həll edib, münaqışə sona çatıb”.

Azərbaycanın regionda sülhün təmin olunması istiqamətində təşəbbüsləri dəstəklədiyini deyən YAP Nəsimi rayon təşkilatının sədri əlavə edib: “BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr Ermənistanın öz ampulasından kənarda siyasət həyata keçirə bilmədiyini bir daha təsdiqlədi. İclasda Azərbaycanın həqiqətləri və mövqeyi tutarlı faklarla diqqətə çəkilib. Qeyd olunub ki, “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüquq çərçivəsində, Ermənistanın bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etməsinin qarşısını almaq məqsədilə yaradılıb. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bir daha ölkəmizin diplomatik gücünü göstərməklə yanaşı, beynəlxalq haqq və ədalətin də bizim tərəfimizdə olduğunu nümayiş etdirib”.