YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Macarıstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir

Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor 

Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır və Avropa İttifaqında onun ən etibarlı tərəfdaşlarından biridir.

İki ölkə arasında siyasi dialoq yüksələn xətt üzrə inkişaf edir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik əlaqələr 1992-ci il aprelin 27-də qurulub. Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam oldu. 2004-cü ildə Azərbaycanın Macarıstandakı səfirliyi, 2009-cu ildə isə Macarıstanın ölkəmizdəki səfirliyi yaradılmışdır. İki ölkə arasında parlamentlərarası əlaqələr də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Macarıstan parlamentində Macarıstan-Azərbaycan dostluq qrupu da fəaliyyət göstərir. İki ölkə arasında indiyədək imzalanmış 50-dən çox sənəd hüquqi bazanın möhkəmləndirilməsində mühüm rol oynayıb. Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq çoxtərəfli platformalarda, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində daim inkişaf edir. Bunları sadalamaqla bir daha xatırlamaq istərdik ki, Azərbaycan və Macarıstan həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə sıx əməkdaşlıq edir.

Həmçinin, ölkələrimiz arasında iqtisadi əlaqələr də davamlı inkişafı edir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əsas rol oynayır. Azərbaycanda Macarıstan sərmayələri olan şirkətlər əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində fəaliyyət göstərir. Ölkələr arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması münasibətlərin yüksək səviyyəsinin əyani təsdiqidir. Belə ki, 2021-ci ildə Azərbaycan və Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil etmişdirsə, 2022-ci ildə 47,4 milyon ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.

Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu həmişə yüksək qiymətləndirir. Dost ölkə Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və ona qoşulmaqda maraqlı olduğunu bildirir. Ötən il dekabrın 17-də Buxarestdə imzalanmış Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətləri arasında “yaşıl” enerji sahəsində strateji tərəfdaşlıq haqqında müvafiq Saziş ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda mühüm yer tutur. Bu Saziş çərçivəsində adıçəkilən ölkələr arasında “yaşıl” enerjinin ötürülməsi üçün Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik kabelinin çəkilməsi layihəsinin həyata keçirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Qeyd edək ki, bu layihənin həyata keçirilməsi region və Avropa bazarları arasında elektrik enerjisinin ixracı imkanlarının genişləndirilməsində, həmçinin Avropanın enerji təhlükəsizliyinin, xüsusən də böyük külək enerjisi hesabına şaxələndirilməsində mühüm rol oynayacaqdır. Ölkəmizlə Macarıstanın bu sahədə əməkdaşlığı 2010-cu illərin əvvəllərindən başlamışdır. Qeyd etmək lazımdır ki, vaxtı ilə bu əməkdaşlığa ciddi yanaşılmırdı, lakin zaman keçdikcə iki ölkə arasında həyata keçirilən layihələrin bu gün nə qədər əhəmiyyətli olduğu vurğulanır.  Bu baxımdan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun açıqlaması xüsusi diqqət çəkir: “Biz 2010-2011-ci illərdə gələcək enerji əməkdaşlığı ümidi ilə Azərbaycanla münasibətləri yaxşılaşdırmağa başlayanda Avropada - Avropa İttifaqında nəinki lağa qoyulduq, hətta buna görə tənqid olunduq. Bu gün bütün Avropa İttifaqının rəhbərliyi mütəmadi olaraq Bakıya səfər edir və bir çox hallarda istənilən Aİ ölkəsinin lideri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün çox şey verərdi”. Həmçinin, təhsil və elm sahəsində də əməkdaşlıq davam edir. Macarıstan hökumətinin hər il 200 azərbaycanlı tələbəyə bu ölkədə təhsil alması üçün təqaüd ayırır.   Azərbaycan prezidenti İlham Əliyevin Macarıstanın baş naziri Viktor Orbanla görüşü zamanı Macarıstanın və Avropanın enerji təhlükəsizliyi, regiondakı vəziyyət, iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə edilmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səfəri Budapeştdə keçirilən atletika üzrə dünya çempionatının yarışlarının və Macarıstanın Milli Günü münasibətilə keçirilən tədbirə təsadüf edir.  Bu, Macarıstan dövləti və xalqı üçün  çox əlamətdar hadisədir. Amma təbii ki, müxtəlif ölkələrin rəhbərlərindən ibarət belə böyük nümayəndə heyəti Budapeştə təkcə bayram tədbirlərində iştirak etmək üçün gəlmir. Məlum olduğu kimi, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Bosniya və Herseqovinanın liderləri, eləcə də Çexiya, Avstriya və Sloveniyanın keçmiş baş nazirləri, eləcə də Tatarıstanın rəhbəri də Macarıstana gəlmişdir. Burada qeyd etmək lazımdır ki, Macarıstan Avropada mühüm oyunçudur, lakin o, hazırda Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malikdir və rəsmi Budapeştin türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi istiqamətindəki xətti aydın görünür.

Azərbaycanın sürətli iqtisadi yüksəlişi Macarıstan və ayrı-ayrı Balkan ölkələri üçün Azərbaycan qazının və neftinin Balkanlara nəqli imkanlarını nəzərdən keçirmək üçün infrastruktur bazası yaratdı. Daha dəqiq desək, aprelin 25-də Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya regionun enerji infrastrukturundan istifadə etməklə Azərbaycan təbii qazının “Həmrəylik halqası” vasitəsilə Mərkəzi Avropaya nəqlinə dair anlaşma memorandumu imzalayıb. Təbii ki, Macarıstan üçün qaz təchizatının təhlükəsizliyi həmişə mühüm məsələ olub və ötən ilin sonunda bu tədarükün təhlükəsizliyi Azərbaycandan Avropaya qaz nəql edən Cənub Qaz Dəhlizinin başa çatdırılması ilə daha da gücləndirildi. Bu, yeni qaz nəqli mənbəyi və marşrutu açacaq və bu ilin sonundan Macarıstan bu Cənub Qaz Dəhlizinə fiziki olaraq qoşulacaq, çünki o vaxta qədər Yunanıstan və Bolqarıstan qaz kəmərləri sistemlərini birləşdirən interkonnektor tikiləcək və Macarıstanda Macarıstan-Serbiya sərhədini Macarıstan boru kəməri sistemi ilə birləşdirəcək boru kəməri tikiləcək. Ölkəmizin Prezidenti İlham Əliyevin həyata keçirdiyi milli maraqlara əsaslanan  siyasət sayəsində Azərbaycan belə irimiqyaslı, qlobal layihələrdə iştirak edir. Və buna görə də o, həmişə nəyi, necə və nə vaxt edəcəyini bilən bir siyasətçi kimi dünyanın müxtəlif dövlətlərinin rəhbərləri tərəfindən belə hörmətlə qarşılanır.

Azərbaycan bu gün elə bir səviyyədədir ki, region və dünya üçün mühüm qlobal təşəbbüslər, təkliflər verməklə çox mühüm layihələrin əhəmiyyətli tərkib hissəsinə çevrilə bilər ki, bu da təbii ki, ölkəmizə təkcə iqtisadi deyil, həm də geosiyasi dividentlər qazandırır. Bu isə bizim bir çox sahələrdə, xüsusilə də dünyada ərazi bütövlüyümüz və suveren hüquqlarımızın qorunması, Azərbaycana qarşı hələ də davam  edən erməni faşizminin, erməni revanşizminin üzərində yeni qələbələrimizin qarantıdır.