YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan məsuliyyətli ölkədir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra ölkəmiz bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, işğalçı dövlət ilə münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Azərbaycan, eyni zamanda, yüklərin Qarabağ bölgəsinə çatdırılması üçün öz logistik imkanlarını və infrastrukturunu Beynəlxalq Qırmızı Xaç Komitəsinə təklif etdi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar mandatına və nüfuzuna ciddi zərbə vuran bu mühüm faktı xüsusi qeyd etmək istərdik ki, Ermənistan onun vasitəçiliyindən sui-istifadə etməklə Qarabağ bölgəsinə qaçaqmalçılıq yolu ilə mikroçiplər kimi ikili təyinatlı texnologiyaları keçirməyə çalışıb. Ermənistanın Beynəlxalq Qırmızı Xaç Komitəsindən siyasi məqsədləri üçün sui-istifadə etməsi açıq şəkildə göstərir ki, regionda beynəlxalq mövcudluğun, o cümlədən BMT-yə bağlı təşkilatların artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir əlaqəsi yoxdur. BMT Təhlükəsizlik Şurasında  müzakirələr başlamadan əvvəl Ermənistan, qondarma Dağlıq Qarabağ rejimi, erməni diasporu Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun qərəzli və faktlara əsaslanmayan hesabatının beynəlxalq ictimaiyyəti ayağa qaldıracağına ümid edir, bu məqsədlə genişmiqyaslı təbliğat kampaniyası aparırdı. Amma nəticədə məlum oldu ki, Okamponun hesabatının səs-sorağı heç İrəvandan kənara çıxmayıb. Təhlükəsizlik Şurasında  məruzəçi dövlətlərin heç biri Okamponun qərəzli hesabatı haqqında bir söz belə olsun demədi. Əvəzinə isə, Okamponun hesabatına münasibət bildirən beynəlxalq hüquq üzrə aparıcı məsləhətçi və ekspert Rodney Diksonun fikirləri dilə gətirildi. Məruzəçi onu da vurğuladı ki, dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirilməsi tamamilə Azərbaycanın maraqlarına cavab verir.

Reallıq budur ki, Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Sözügedən yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə - “İpək Yolu” və ya M2 avtomobil yolu kimi tanınan, habelə beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir.

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasdakı  çıxışında Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan,  Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyindən bəhs edərək onu da əlavə etmişdir ki, Laçın-Xankəndi yolunda ekofəalların etirazları başlayandan dərhal sonra Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsindən  yerli sakinlər üçün lazım olan malların siyahısını təqdim etməyi xahiş edib və onların çatdırılması üçün bütün maddi-texniki və infrastruktur dəstəyi göstərməyə hazır olduğunu bildirib. BQXK cavab verib ki, Ermənistan tərəfi Azərbaycan üzərindən hər hansı təchizat istəmir. Ermənistan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıda yerləşən beynəlxalq tibb işçilərinin Xankəndiyə göndərilməsini qəbul etməyib. Bu təklif BQXK-nın tibbi evakuasiyalarını asanlaşdırmaq və tibbi məsələlərin yerində həllinə kömək etmək çərçivəsində irəli sürülüb və Azərbaycan tərəfindən dəstəklənib.

Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu və orada yaşayan etnik ermənilərin Azərbaycanın sakinləri hesab edildiyini vurğulayan daimi nümayəndə bildirmişdir ki, Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara riayət etməkdə sarsılmaz sadiqliyini nümayiş etdirir.

Ermənistanın hər bir cəhdi boşa çıxsa da ssenarilər axtarışını davam etdirməsi hazırkı dövrdə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu açıq-aşkar nümayiş etdirir. İşğalçı dövlət və ona havadarlıq edən dairələr dərk etməlidirlər ki, sülh müqaviləsinin imzalanması Azərbaycana nə qədər lazımdırsa, ondan daha çox Ermənistana gərəkdir. Azərbaycan sülh təklifinin uzun müddət masa üzərində qalmayacağını ilk gündən bəyan edib.