YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hücum diplomatiyasının məntiqli nəticəsi

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyanın avqustun 17-də hökumətin iclasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasındakı müzakirələri və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsini işğalçı dövlətin növbəti dəfə BMT TŞ-də düçar olduğu uğursuzluqla barışmaq istəmədiyi kimi şərh edir. Bu mühüm məqam da diqqətə çatdırılır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətinə qarşı Ermənistanın müqavimət göstərməsi, baş nazirin guya ölkəmiz tərəfindən erməni sakinlərə qarşı atəş açdığı barədə iddialar səsləndirməsi və ölkəmizi “etnik təmizləmədə” təqsirləndirməsi Ermənistan rəhbərliyinin bölgədə reallıqları hələ də düzgün qiymətləndirmədiyini nümayiş etdirir. Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu əsassız iddialarla BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmaqdan yox, ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.

Azərbaycan tolerant ölkədir. Ölkəmizdə müxtəlif xalqların, millətlərin nümayəndələri dostluq, sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin də bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyasını təmin edəcəkdir.

BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr Azərbaycan diplomatiyasının növbəti uğuru oldu. Ölkəmizə beynəlxalq dəstək bir daha sübut etdi ki, hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın dünya birliyində yeri və rolu daha da artır. BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlət, eləcə də qardaş Türkiyə Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolunu dəstəklədi. İclas zamanı Azərbaycanı dəstəkləyən Albaniya, Braziliya və digərlər ölkələrin nümayəndələri beynəlxalq hüquqa söykənən ədalətli mövqe sərgiləmişdilər.

Rəsmi İrəvanın reinteqrasiyaya maneə olmaq cəhdləri diqqətdən kənarda qalmır. Belə ki, etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas məqsədi ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışının qarşısının alınmasıdır.

Erməni lobbisinin, Ermənistanı aşkar şəkildə dəstəkləyən bəzi dövlətlərin qeyri-konstruktiv yanaşmasına, müzakirələrə təsir göstərmək cəhdlərinə baxmayaraq, İrəvanın gözləntiləri puça çıxıb. Bu ilk növbədə, rəsmi Bakının yürütdüyü hücum diplomatiyasının səmərəliliyini, İrəvanı informasiya müstəvisində üstələdiyinin əyani göstəricisidir.

Bu mühüm məqamı da qeyd edək ki, bu, Ermənistanın ikinci dəfə iflasa uğrayan cəhdi idi. Belə ki, ötən ilin dekabrında da məsələnin BMT Təhlükəsizlik Şurasında  müzakirəsinə cəhd olunmuşdur. Azərbaycan rəsmi İrəvanın iddialarının əsassızlığını 2022-ci ilin dekabr ayından etibarən beynəlxalq ictimaiyyətə göstərmək üçün təkzibedilməz fakt və arqumentlərdən istifadə etdi. Laçın-Xankəndi yolunun açıq olduğunu göstərən foto və videogörüntülər yerli və beynəlxalq KİV-lərdə yayıldı. Eyni zamanda, əcnəbi qonaqların, jurnalistlərin, ölkəmizdə akkreditasiyadan keçmiş beynəlxlaq təşkilatların nümayəndələrinin, diplomatik korpus və səfirliklərin təmsilçilərinin əraziyə davamlı səfərləri təşkil edildi. Beləliklə, Ermənistanın yalan kampaniya apardığı konkret faktlarla sübuta yetirildi.  Rəsmi Bakı regiondakı yeni geosiyasi reallıqlarla bağlı dünya ölkələrində kifayət qədər dolğun və obyektiv təəssürat formalaşdıra bildi. Bu həm də ölkəmizin uğurlu diplomatik, siyasi fəaliyyətinin, hücum diplomatiyasının və bütün məsələlərdə beynəlxalq hüquqa əsaslanmasının nəticəsidir. Rəsmi Bakı ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edir. BMT-də aparılan müzakirələr bir daha göstərdi ki, bəzi Qərb dövlətlərinin və təşkilatlarının əsassız çağırışlarına, qərəzli bəyanatlarına baxmayaraq, dünya ictimaiyyəti rəsmi Bakının haqlı mövqedə olduğunu təsdiqləyir.