YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Saatlı rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyasının (YAP) Saatlı rayon təşkilatının təsis olunmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bildirib ki, tarixi zərurətdən irəli gələrək yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirərək siyasi səhnədə yüksəlişə nail olub. Partiyanın yaranması nəinki müstəqillik, hətta müasir dövlətçiliyimizin dönüş nöqtəsidir. 1993-cü il avqustun 21-də 152 təssübkeşin iştirakı ilə yaradılan partiyanın Saatlı rayon təşkilatı bu gün sıralarında 11158 üzvü birləşdirir. Ulu Öndərin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolu ilə irəliləyən müasir Azərbaycan qüdrətlənir, möhtəşəm uğurlar qazanır.

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxışında diqqətə çatdırıb ki, xalqın partiyası kimi tanınan, xalqın sevgisini və dəstəyini qazanan Yeni Azərbaycan Partiyası, ölkədə sabitliyin təminatında avanqard rolunu bu gün də davam etdirir. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən Heydər Əliyev siyasəti gələcək uğurların həlledici əsasıdır.

YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov çıxışında vurğulayıb ki, Azərbaycan xalqı hər zaman müasir dövlətimizin memarı və qurucusu, ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Ümummilli Lider Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

Tədbirdə Saatlı rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov, “Azərbaycan Fermeri” qəzetinin baş redaktoru Nuhəli Kərimov, 2 saylı Saatlı şəhər ərazi partiya təşkilatının sədri Mehriban Ağayeva qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli inkişaf etməkdədir.

Sonda rayonun ictimai həyatında fərqlənən bir qrup şəxs fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələr təqdim edilib.