YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu inkişafın Azərbaycan modeli

Emin Bağırov

ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

Regionların inkişafı dövətin vacib istiqamətlərindən birini təşkil edir. Dövlət proqramların uğurla icrasının məntiqi nəticəsi olaraq regionların siması köklü şəkildə dəyişib. Prezident İlham Əliyevin müvafiq tapşırıqları, əyalətlərə mütəmadi səfərləri inkişafa, tərəqqiyə geniş yol açıb. Ölkəmizin başçısının Qərb bölgəsinə səfəri də mühüm sosial obyektlərin, infrastruktur layihələrinin açılışı ilə yanaşı, vətəndaş məmnunluğunun təmin olunması ilə yadda qaldı.

Prezident İlham Əliyevin Qərb bölgəsinə səfəri ilə bağlı bir məqamı xüsusilə qabartmaq istərdim. Bu, respublikamızda avtomobil yolları sektorunda irihəcmli layihələrin icrasının uğurla həyata keçirilməsi ilə əlaqədar məsələdir. Xatırladım ki, ölkədə yol infrastrukturuna belə önəm verilməsi təsadüfi deyil. Çünki hansı bölgəyə, şəhər və qəsəbəyə yol çəkilirsə, həmin ərazidə yeni infrastruktur yaradılır, investisiya cəlb olunur, bir sözlə, bu, bölgədə həyatın, sözün əsl mənasında, canlanmasına gətirib çıxarır. Nahaq yerə demirlər ki, müasir yol dövlətin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də yeni həyatın başlanğıcıdır.

Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamı və yeni yolların çəkilişinin başlanması mühüm yer tutur. Biz son illər ərzində bu sahədə də çox işlər görmüşük, magistral yollarımızı böyük dərəcədə bərpa edə bilmişik və yeni yollar salınıbdır. İndi bütün magistral yollarda işlər gedir və bu işlər artıq tamamlanır. Bununla bərabər, şəhərlərarası yolların çəkilişi də gedir. Biz artıq bir neçə ildir ki, kənd yollarının çəkilişi ilə çox ciddi məşğul olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra olunur. Bu layihələrin icrası rayonlardan gəlmiş sifarişlər, əhalidən gələn müraciətlər əsasında təşkil edilir. İlk növbədə, biz çalışmışıq ki, əhalinin ən çox məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək. Bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan böyük həcmdə vəsait ayrılır...”.   

Yol tikintisindən danışarkən, bir məqamı da xatırlatmaq istərdik. Belə ki, son illər ərzində respublikamızda beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı məqsədilə magistral yolların yenidən qurulması diqqət mərkəzində saxlanılıb. Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu layihəsinin icrası bunun bariz ifadəsidir. Bu magistral beynəlxalq nəqliyyat dəhlizinin ölkəmizin ərazisindən keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə əlaqələrin inkişafında mühüm rol oynayır. Layihə tam reallaşdırıldıqdan sonra Şərqdən Qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan bu yol Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.

Prezident İlham Əliyevin Qərb bölgəsinə səfər zamanı Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazaxbəyli hissəsinin istifadəyə verilməsi də yuxarıda vurğulanan fikrin təsdiqinə çevrildi. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən yenidən qurulan 130,15 kilometrlik bu yolun dörd hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək.

Beləliklə, Prezidentin yuxarıda adları çəkilən rayonlara  səfəri bir daha göstərdi ki, son 20 ildə regionların inkişafı, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və sosial şəraitinin yaxşılaşması, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməklə və modern texnologiyalara əsaslanılmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması istiqamətində mühüm uğurlar əldə edilib. Ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri davam etdirilib, çox sayda sosial obyektlər tikilib, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş verib. Görülən işlər və nəticələr deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilib və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunub.