YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixin qara səhifəsinin bağlanmasını istəyirik

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin hər bir müsahibəsi 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqları, eyni zamanda, qarşıya qoyulan hədəflər barədə aydın təsəvvür yaradır. Bu baxımdan ölkə Prezidentinin “Euronews” televiziyasına müsahibəsi mühüm çağırışları ilə diqqətdədir.

“Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi” söyləyən dövlət başçısı onu da əlavə etdi ki,  2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə  Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır: “Amma yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Amma biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq.” Cənab İlham Əliyev bu fikirləri ilə 30 illik işğala son qoyan tarixi Zəfərimizdən sonra yaranan yeni reallıqları və onların qarşıya qoyduğu vəzifələri  təqdim edir.

Torpaqlarımız 30 il işğal altında qaldı. Amma xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti, uğurlu siyasəti nəticəsində torpaqlarımız öz tarixi sahibinə qayıdacaq. Artıq iki ildən çoxdur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edilib. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri həyata keçirilir. 

Cənab İlham Əliyev sözügedən müsahibəsində  postmünaqişə dövrünün reallıqları fonunda  bu çağırışı da etdi ki, bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır: “Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu.”

Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra qarşı tərəfə sülh təklifini etdi. Bu təklif heç də ölkəmizin zəifliyi anlamına gələ bilməz. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu ona görədir ki, tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.

DİGƏR Xəbərlər Arxiv