YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi-diplomatik dərs

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” televiziya kanalına verdiyi müsahibə bir sıra amillər baxımından mühüm əhəmiyyət kəsb etdi. Belə ki, sözügedən müsahibə Ermənistan üçün həm mesaj, həm xəbərdarlıq, həm də çıxış və nicat yoludur.  Müsahibə zamanı ölkə başçısı bir daha öz humanistliyini və Azərbaycanın sülh istəyini diqqətə çatdırdı:

“Biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi. Müharibə, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı”.  

Prezidentimizin bu çıxışı Ermənistan hakimiyyətini növbəti dəfə ifşa edərək yalanlar üzərində qurulmasını faktlarla ortaya qoydu. Və bir daha dünya ictimaiyyəti şahid oldu ki, Ermənistan dövlətinin illər ərzində ölkəmizə qarşı həyata keçirdiyi terror və vandalizm siyasətinə, Azərbaycan tərəfi sülhlə cavab verir. Sülh sazişinin imzalanması isə ən çox məhz Ermənistana lazımdır. Çünki hazırda Ermənistan dərin və hərtərəfli böhran içərisində çabalayır və beynəlxalq aləmdə rəzil vəziyyətdədir. Ermənistan sülhə yox deməklə özünü bir dövlət olaraq məhv olmaq, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoyur. Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Prezident İlham Əliyev sülh prosesinin şərtlərinə toxunaraq qeyd etdi ki, mövcud prosesin kimin tərəfindən aparılmasının bizim üçün böyük fərqi yoxdur. Əlbətdə məkanın, zamanın ümumiyyətlə heç bir amilin bizə fərqi və təsiri yoxdur. Çünki məqsədimiz və istəyimiz birdir: regionda sülhün təmin olunması.

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı ermənilərlə təmaslarımız haqqında danışaraq onları qondarma liderlərinin arxasınca getməməyə çağırdı. Əlbəttə, bu gün Ermənistanın belə ağır vəziyyətə düşməsinin eyni zamanda İkinci Qarabağ Müharibəsində biabırçı şəkildə məğlub olmasının əsas səbəbi məhz qondarma liderlər və revanşist siyasətdir. Artıq erməni cəmiyyəti də bütün olanları çox gözəl anlayır və bu revanşist siyasətdən, qondarma liderlərdən bezib. Həmçinin Qarabağdakı ermənilərin mövqeyi ilə qondarma liderlərin mövqeyi təmamilə əksdir:

“Ümumilikdə Prezident İlham Əliyevin xarici televiziya kanallarına verdiyi hər bir müsahibə siyasi-diplomatik dərsdir. Eyni zamanda bu müsahibələr istər Ermənistanın işğalı zamanı, istər İkinci Qarabağ müharibəsi zamanı, istərsə də postmüharibə dönəmində mövcud həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır”.