YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dil milli kimliyin daşıyıcısıdır

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

Dil hər bir xalqın milli sərvəti, milli kimliyinin daşıyıcısıdır. Onu qorumaq, yaşatmaq, əslində xalqın özünün yaşaması, özünü təsdiq etməsidir. Tarixboyu xalqların, millətlərin keçdiyi yol, onların mədəni səviyyəsi ilk növbədə ana dilində öz əksini tapır və istilalara, təzyiqlərə məruz qalsa da, Azərbaycan xalqı bu müqəddəs sərvəti qoruyub saxlaya bilib. Doğma dilimizin inkişaf etdirilməsində, dövlət dili statusu qazanmasında isə Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri danılmazdır. Ulu Öndər bu sahədə özünün şəxsi nümunəsi ilə çox dəyərli örnək yaradıb. Ana dilinin tətbiq və fəaliyyət dairəsinin genişləndirilməsi, milli dilimizdə olan ədəbi - bədii irsin qorunması Heydər Əliyevin son dərəcə diqqət yetirdiyi sahələrdən olub. Təsadüfi deyil ki, məhz Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli Lider zirvəsinə yüksəldib.

Ümummilli Lider Heydər Əliyev milli kimliyimizi yaşadan ana dilimizin inkişafını xüsusi diqqət mərkəzində saxlayıb, Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət haqqı və milli özünüdərk gətirib. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misligörünməmiş cəsarət, siyasi müdriklik nümayiş etdirib, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirib.

Dahi rəhbər yüksək səviyyəli digər yığıncaqlarda, konfranslarda, dövlət səviyyəsində aparılan tədbirlərdə ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanmışdı. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Həmin dövrdə belə bir maddənin əlavə edilməsi çox böyük risk idi. Hər an Ulu Öndərə millətçi damğası vurmaq təhlükəsi yaranmışdı. Ancaq müdrik şəxsiyyət bütün bunlardan qorxmamış, Onun ana dilinə olan məhəbbəti, milli təəssübkeşliyi hər şeyi üstələmişdi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini dahiyanəliklə. Azərbaycançılığın təntənəsi olmaq etibarilə belə  qorumuşdur.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirilib. 4 iyul 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiqi haqqında sərəncam verən Heydər Əliyev həmin il avqustun 9-da imzaladığı fərmanla “Azərbaycan Dili və Əlifbası Günü”nü təsis edib və hər il avqustun 1-də bu gün qeyd edilir. Dövlət dilinin tətbiqinin genişləndirilməsi sahəsində hüquqi baza təkmilləşdirilib və geniş praktik addımlar atılıb. 

Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz dövlət dilinə xüsusi diqqət və qayğı göstərir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə göstərdiyi diqqət və qayğı onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.